Nyu-Yorkda BMT-nin 50 illiyi münasibətilə yubiley təntənələri başa çatdıqdan sonra beynəlxalq əməkdaşlıq üzrə işgüzar şura dövlətimizin başçısı Heydər Əliyevin şərəfinə rəsmi qəbul keçirdi.
Oktyabrın 25-də Azərbaycan Prezidenti ABŞ-ın “AMOKO” şirkətinin prezidenti Don Steysi qəbul etdi. Daha sonra Heydər Əliyev ABŞ Milli Demokratiya İnstitutunun
direktoru cənab Ledski ilə görüşüb söhbət etdi.
X X X
Oktyabrın 25-də axşam Azərbaycan Prezidenti Heydər Əliyev və nümayəndə heyətimizin digər üzvləri Nyu-Yorkdan təyyarə ilə İstanbula yola düşdülər. Nyu-Yorkun Con Kennedi adına beynəlxalq hava limanında Prezident Heydər Əliyevi ABŞ dövlətinin və BMT-nin yüksək vəzifəli şəxsləri yola saldılar.
X X X
Oktyabrın 26-da günortaüstü Azərbaycan Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər İstanbula gəldilər. Atatürk hava limanında Azərbaycan rəhbərini Türkiyə dövlətinin yüksək vəzifəli şəxsləri və İstanbul şəhərinin valisi Hayri Kozakçıoğlu
qarşıladılar.
Rəsmi qarşılanma mərasimindən sonra Prezident Heydər Əliyev Nyu-Yorka səfərinin yekunları barədə mətbuat konfransı keçirdi və jurnalistlərin suallarına cavab verdi.
Qısa istirahətdən sonra Azərbaycan dövlətinin başçısı təyyarə ilə Vətənə yola düşdü.
Oktyabrın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev və respublikamızın nümayəndə heyətinin digər üzvləri Vətənə qayıtdılar.
Binə hava limanında Prezident Heydər Əliyev respublika televiziyası müxbirinin bu səfərin yekunları barədə suallarına cavab vermişdir.
X X X
Binə hava limanında Azərbaycan Prezidenti Heydər Əliyevi respublika Ali Sovetinin sədri Rəsul Quliyev, Baş nazir Fuad Quliyev, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.