AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NYU–YORK GÖRÜŞLƏRİ
Amerika Birləşmiş Ştatlarının Azərbaycanla münasibətlərə getdikcə daha çox diqqət yetirməsi və əlaqələri inkişaf etdirmək istəyi özünü göstərməkdədir. ABŞ Prezidenti Bill Klinton Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşdə bunu bəyan etmişdir. Görüşdə ABŞ tərəfdən dövlət katibi Uorren Kristofer, Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi xanım Madlen Olbrayt və digər rəsmi şəxslər, Azərbaycan tərəfindən isə xarici işlər naziri Həsən Həsənov, dövlət müşaviri Vəfa Quluzadə, respublikamızın BMT-dəki daimi nümayəndəsi Eldar Quliyev və ABŞ-dakı səfirimiz Hafiz Paşayev iştirak etmişlər.
Sonra prezidentlər arasında bir saatadək davam edən təkbətək danışıqlar olmuşdur. Səfir Hafiz Paşayev görüşdən sonra bildirmişdir ki, danışıqlar zamanı Birləşmiş Ştatlar ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, neft konsorsiumunda
ABŞ şirkətlərinin fəaliyyəti məsələləri və Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması yolları müzakirə edilmişdir. Xanım Olbrayt jurnalistlərə demişdir ki, bu görüşün tarixi əhəmiyyəti var və o, tezliklə real nəticələr verəcəkdir. Amerika diplomatı bu fikrini Ermənistan-Azərbaycan münaqişəsinə də aid etmişdir.
Həmin görüşdən əvvəl isə Azərbaycan Prezidenti Heydər Əliyevin Ermənistan Prezidenti Levon Ter-Petrosyan ilə görüşü olmuşdur.
Qeyd edək ki, Ermənistan Prezidenti oktyabrın 23-də Türkiyə Prezidenti Süleyman Dəmirəl ilə görüşündən sonra jurnalistlərə verdiyi müsahibədə Qarabağda hərbi əməliyyatların yenidən başlanmasının qeyri-mümkün olduğunu söyləmişdir. Türkiyə Prezidenti isə Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının labüdlüyünü qeyd etmişdir.
Birləşmiş Millətlər Təşkilatının 50 illiyinə həsr edilmiş yubiley tədbirləri və BMT Baş Məclisinin xüsusi təntənəli iclası oktyabrın 24-də başa çatmışdır.