AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TÜRKİYƏYƏ İŞGÜZAR SƏFƏRİ
İSTANBULDA QARŞILANMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin dövlət və hökumət başçılarının bu qurumun 10 illiyinə həsr edilmiş zirvə görüşündə iştirak etmək üçün iyunun 24-də İstanbula gəlmişdir.
Atatürk beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti Heydər Əliyevi təyyarənin pilləkəni yanında Türkiyə Respublikasının yüksək vəzifəli şəxsləri, ölkəmizin Ankaradakı səfiri Məmməd Əliyev, İstanbuldakı baş konsulu Xeyrəddin Qoca səmimiyyətlə, mehribanlıqla qarşıladılar. Milli geyimli türk uşaqları Azərbaycan Prezidentinə gül dəstəsi təqdim etdilər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan dövlətinin başçısına raport verdi. Prezident Heydər Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Respublikamızın rəhbəri hava limanından onun üçün ayrılmış iqamətgaha - “Çırağan” hotelinə gəldi.
QİƏT-İN ÜZVÜ OLAN ÖLKƏLƏRİN
DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ ZİRVƏ GÖRÜŞÜ
İyunun 25-də Azərbaycan Prezidenti Heydər Əliyev “Çırağan” hotelinin “Bal” salonuna gəldi. Dövlətimizin başçısını Türkiyə Prezidenti Əhməd Necdət Sezər mehribanlıqla qarşıladı. Həmin gün burada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının QİƏT-in 10 illiynə həsr edilmiş zirvə görüşü öz işinə başladı.
Zirvə görüşünü Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər açdı. Albaniya Prezidenti Rəcəb Meydani, Azərbaycan Prezidenti Heydər Əliyev, Bolqarıstan Prezidenti Georgi Pırvanov, Gürcüstan Prezidenti Eduard Şevardnadze, Moldova Prezidenti Vladimir Voronin, Rumıniya Prezidenti İon İliyesku, Ukrayna Prezidenti Leonid Kuçma, Rusiya Federasiyası hökuməti sədrinin müavini Valentina Matviyenko, Ermənistanın xarici işlər naziri Vartan Oskanyan, Yunanıstanın xarici işlər naziri Georgios Papandreu zirvə görüşündə nitq söylədilər.
(Azərbaycan Prezidentinin nitqi qəzetin 26 iyun nömrəsinin birinci səhifəsində dərc olunmuşdur).
Sonra QİƏT-in Baş katibi Valeri Çeçelaşvilinin hesabatı dinlənildi. Zirvə görüşündə dövlət və hökumət başçıları “Əməkdaşlığın 10 ili və gələcəyə baxış” birgə bəyannaməsini imzaladılar.
Daha sonra prezidentlər və zirvə görüşünün iştirakçıları xatirə şəkli çəkdirdilər, gəmi ilə gəzintiyə çıxdılar.
Elə həmin gün Türkiyə Prezidenti Əhməd Necdət Sezərin adından dövlət və hökumət başçılarının şərəfinə ziyafət verildi. Azərbaycan Prezidenti Heydər Əliyev ziyafətdə iştirak edirdi.
X X X
X X X
Dövlətimizin başçısının iqamətgahında - “Çırağan” hotelində Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşü oldu. Dostluq və mehribanlıq şəraitində keçən görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin perspektivləri, Cənubi Qafqazda vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Görüşdən sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdilər. Prezidentlər bildirdilər ki, Trabzon şəhərində keçirilmiş görüşdən çox vaxt ötməsə də, dost və qonşu ölkələrin dövlət başçılarının görüşlərinə və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə həmişə ehtiyac var.
X X X
Respublikamızın Prezidenti Heydər Əliyev öz iqamətgahında Rumıniya Prezidenti İon İliyesku ilə görüşdü. Söhbət zamanı Rumıniya ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi, regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, Rumıniya dövləti başçısının bu ilin oktyabrında Bakıya nəzərdə tutulan rəsmi səfəri, habelə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparıldı.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev daha sonra öz iqamətgahında Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşdü. Mehribanlıq şəraitində keçən görüşdə prezidentlər ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əlaqələrin perspektivləri, hər iki tərəfi maraqlandıran bir sıra məsələlər barədə ətraflı müzakirələr apardılar.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev “Çırağan” hotelində Türkiyə Respublikasının xarici işlər naziri İsmayıl Cəmi qəbul etdi. Səmimilik şəraitində keçən söhbət zamanı dost və qardaş ölkələrimiz arasında strateji əməkdaşlıq məsələləri diqqət mərkəzində oldu.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev onun üçün ayrılmış iqamətgahda ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Fransadan olan həmsədrlərini - Rudolf Perinanı, Nikolay Qribkovu və Üqo Perneni də qəbul etdi. Görüşdə 14 ildən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması barədə söhbət getdi.
“ÜÇ DƏNİZİN ƏFSANƏSİ” KONFRANSININ AÇILIŞI
Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 25-də günortadan sonra “Konrad” hotelinə gəldi. Burada enerji məsələlərinə həsr edilmiş və rəmzi olaraq “Üç dənizin əfsanəsi” adlandırılan konfransın təntənəli açılışı oldu.
İlk dəfə beş il əvvəl keçirilən, Xəzər dənizi və Qara dəniz nəzərdə tutulmaqla “İki dənizin əfsanəsi” rəmzi adı verilmiş bu konfrans Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin təklifi ilə Aralıq dənizi hövzəsinə də şamil edilmiş və növbəti ildən etibarən “Üç dənizin əfsanəsi” adı almışdır.
Beşinci dəfə keçirilən bu tədbiri giriş sözü ilə Türkiyənin “Tekfen” şirkətinin prezidenti, konfransın həmsədri Nihad Göyyigit açaraq, dövlət başçılarını salamladı, toplantıda iştirak etdiklərinə görə təşəkkürünü bildirdi, müzakirə olunacaq məsələlər barədə məlumat verdi. Sonra o, Tekfen Qara Dəniz Orkestrini və onun dirijoru professor Saim Akçili konfrans iştirakçılarına təqdim etdi. Əsasən Mərkəzi Asiya, Qafqaz ölkələrini, Qara dəniz və Aralıq dənizi ölkələrini təmsil edən ifaçılardan ibarət olan orkestr ali qonaqlar qarşısında çıxış etdi.
Sonra konfransın digər həmsədri, “Cambridqe Enerqu Resources Association” şirkətinin prezidenti Cozef Stanislav çıxış etdi.
Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Ukrayna Prezidenti Leonid Kuçma, Rumıniya Prezidenti İon İliyesku, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Azərbaycan Prezidenti Heydər Əliyev konfransda çıxış etdilər. (Dövlətimizin başçısının çıxışı qəzetin 28 iyun nömrəsində dərc olunmuşdur).
Konfransdan sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibliyi adından ziyafət verildi. Azərbaycan Prezidenti Heydər Əliyev ziyafətdə iştirak edirdi.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev konfransdan sonra Atatürk hava limanına gəldi. Vətənə yola düşən Gürcüstan Prezidenti Eduard Şevardnadze burada dövlətimizin başçısı ilə səmimiyyətlə sağollaşdı. Prezident Heydər Əliyev və həmin vaxt yola düşməyə hazırlaşan Rumıniya Prezidenti İon İliyesku respublikamızın rəhbəri haqqında çəkilmiş və o dəqiqələrdə Bakıdan yayımlanan “Bir həsədin tarixi” filminə baxdılar.
Daha sonra Prezident Heydər Əliyev və onu müşayiət edən şəxslər Ankaraya yola düşdülər.
Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 25-də gecə Ankaraya gəldi. Dövlətimizin başçısını Esenboğa hava limanında Türkiyə hökumətinin yüksək vəzifəli şəxsləri, Ankara valisi Yəhya Gur, millət vəkilləri, dünya şöhrətli alim, Azərbaycan-Türkiyə Dostluq və Əməkdaşlıq Fondunun sədri, professor İhsan Doğramacı böyük səmimiyyətlə qarşıladılar.
ANKARADA AZƏRBAYCAN SƏFIRLIYI ÜÇÜN TIKILMIŞ BINANIN TƏNTƏNƏLI AÇILIŞ MƏRASIMI
İyunun 26-da Azərbaycan Prezidenti Heydər Əliyev və Türkiyə Prezidenti Əhməd Necdət Sezər ölkəmizin Ankaradakı səfirliyinin tikintisi yenicə başa çatmış binasına gəldilər. Binanın qarşısındakı meydanda fəxri qarovul dəstəsi düzülmüşdü. Hərbi orkestr Türkiyə Cümhuriyyətinin dövlət himnini ifa etdi. Azərbaycanın dövlət himninin sədaları altında ölkəmizin üçrəngli bayrağı qaldırıldı.
Dövlət başçıları səfirliyin yeni binasının açılışını bildirən qırmızı lenti kəsdilər. Prezident Heydər Əliyev və Prezident Əhməd Necdət Sezər müasir tipli binanın foyesində Azərbaycanın qardaş ölkədə ilk səfiri olmuş İbrahim Əbilovun portreti önündə ayaq saxladılar, onun böyük elçi təyin edilməsi haqqında etimadnamə ilə maraqla tanış oldular.
Sonra səfirliyin böyük salonunda təntənəli mərasim keçirildi. Salona toplaşanlar Prezident Heydər Əliyevi və Prezident Əhməd Necdət Sezəri sürəkli alqışlarla qarşıladılar.
Mərasimi giriş sözü ilə ölkəmizin Türkiyədəki səfiri Məmməd Əliyev açdı.
Prezident Əhməd Necdət Sezər və Prezident Heydər Əliyev mərasimdə çıxış edərək, bu tarixi hadisə münasibətilə salona toplaşanları təbrik etdilər və əmin olduqlarını bildirdilər ki, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələri bundan sonra daha da inkişaf edəcək, möhkəmlənəcək, əbədi və dönməz olacaqdır.
Mərasimdə Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı, müdafiə naziri Səbahəddin Çaxmaqoğlu, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlu, millət vəkilləri, xarici ölkələrin Ankarada akkreditə olunmuş səfirləri və digər rəsmi şəxslər iştirak edirdilər.
Sonra həmyerlimiz Sərvər Qəniyevin dirijorluğu ilə Bilkənd Universiteti kamera orkestrinin konserti oldu.
AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN AÇILIŞI
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin gün Türkiyə paytaxtının Oran diplomatik şəhərciyində Azərbaycan mədəniyyət mərkəzinin açılış mərasimində iştirak etdi.
Dövlətimizin başçısı mərkəzin açılışını bildirən lenti kəsdi. Mərkəzin sədri, tanınmış türk alimi, professor Yüksəl Bozər çıxış edərək, respublikamızın rəhbərinin mərasimdə iştirakından böyük şərəf duyduğunu bildirdi, görüləcək işlər barədə ətraflı məlumat verdi.
BAKI KÜÇƏSİNİN AÇILIŞI
Daha sonra Azərbaycan Prezidenti Heydər Əliyev Ankarada Bakı küçəsinin açılış mərasimində iştirak etdi. Ankara böyük şəhər bələdiyyəsinin başçısı Məlik Qökçək Azərbaycan paytaxtının adını daşıyan küçənin yaxın gələcəkdə Oran diplomatik şəhərciyinin ən gözəl guşələrindən birinə çevriləcəyini söylədi.
Azərbaycan Prezidenti Heydər Əliyev və Ankara böyük şəhər bələdiyyəsinin başçısı Məlik Qökçək yeni küçənin açılışını bildirən qırmızı lenti kəsdilər, “Bakı küçəsi” sözləri yazılmış lövhənin üzərindən örtüyü götürdülər.
Dövlətimizin başçısı küçənin salınmasında əməyi olanlara minnətdarlığını bildirdi, bu küçənin xeyirli, uğurlu olmasını arzuladı.
Mərasimdə Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalı, müdafiə naziri Səbahəddin Çaxmaqoğlu, millət vəkilləri, professor İhsan Doğramacı və digər rəsmi şəxslər iştirak edirdilər.
İHSAN DOĞRAMACININ ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqımızın yaxın dostu, Türkiyə-Azərbaycan Dostluq və Əməkdaşlıq Fondunun sədri, dünya şöhrətli alim İhsan Doğramacının heykəlinin açılış mərasimində iştirak etmək üçün iyunun 26-da Bilkənd Universitetinə gəldi. Burada dövlətimizin başçısını universitetin yaradıcısı, professor İhsan Doğramacı, Türkiyənin dövlət nazirləri Rəcəb Ünal, Şüayib Üşənməz, Bilkənd Universitetinin rektoru Əli Doğramacı və digər rəsmi şəxslər səmimiyyətlə, mehribanlıqla qarşıladılar. Ali təhsil ocağının qarşısındakı meydana toplaşmış millət vəkilləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, universitetin professor-müəllim heyəti, tələbələr Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətlə, sürəkli alqışlarla salamladılar.
Hər iki ölkənin dövlət himnləri səsləndi.
Mərasimi ölkəmizin Türkiyədəki səfiri Məmməd Əliyev açdı, sonra Bilkənd Universitetinin rektoru Əli Doğramacıya söz verildi.
Daha sonra dünya şöhrətli alim, professor İhsan Doğramacı onun heykəlinin hazırlanması və yaradıcısı oldufu universitetin qarşısındakı meydanda ucaldılması üçün göstərdiyi köməyə, diqqət və qayğıya görə Azərbaycan Prezidenti, görkəmli dövlət xadimi, türk dünyasının böyük oğlu, əziz dostu Heydər Əliyevə dərin minnətdarlığını, təşəkkürünü bildirdi.
Türkiyənin dövlət nazirləri Rəcəb Ünal və Şüayib Üşənməz öz çıxışlarında böyük alim İhsan Doğramacının Türkiyədə elmin, təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən danışdılar, Prezident Heydər Əliyevin təşəbbüsünün bütün türk dünyasında rəğbətlə qarşılandığını vurğuladılar. Azərbaycan Prezidenti Heydər Əliyev heykəlin açılışını bildirən qırmızı lenti kəsdi, görkəmli heykəltəraş, xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun bu əsərini yüksək qiymətləndirdi.
Dövlətimizin başçısı Heydər Əliyev mərasimdə geniş nitq söylədi.
Azərbaycan Prezidentinin nitqi böyük maraqla dinlənildi, dəfələrlə gurultulu, sürəkli alqışlarla qarşılandı.
AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİNİN GÖRÜŞÜ
İyunun 26-da günortadan sonra Çankaya köşkündə Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Prezidenti Əhməd Necdət Sezərin görüşü oldu. Prezidentlər dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi, bölgədə vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması və hər iki tərəfi maraqlandıran bir sıra digər məsələlər haqqında müzakirələr apardılar, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iyunun 25-də İstanbulda keçirilmiş zirvə görüşünün və “Üç dənizin əfsanəsi” konfransının böyük əhəmiyyətə malik olduğunu vurğuladılar.
Elə həmin gün axşam Çankaya köşkündə Prezident Əhməd Necdət Sezərin adından Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil olundu.
TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ RƏİSİ İLƏ GÖRÜŞ VƏ “ŞÖHRƏT” ORDENİNİN TƏQDİM EDİLMƏSİ
Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 27-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına gəldi. Baş Qərargah binasının qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlu dövlətimizin başçısını səmimiyyətlə, mehribanlıqla qarşıladı.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi, türk əsgərini salamladı.
Respublikamızın rəhbəri Baş Qərargahın fəxri qonaqlar kitabına imza etdi.
Sonra Azərbaycan Prezidenti Heydər Əliyevin və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlunun təkbətək görüşü oldu.
Dövlətimizin başçısı və Baş Qərargahın rəisi görüşdən sonra konfrans salonuna gəldilər. Burada ordu generalı Hüseyn Qıvrıqoğluna Azərbaycan Respublikasının yüksək mükafatının - “Şöhrət” ordeninin təqdim olunmasına həsr edilmiş mərasim keçirildi.
Əvvəlcə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlunun tərcümeyi-halı oxundu.
Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə geniş nitq söylədi. Respublikamızın rəhbərinin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı.
Sonra Prezident Heydər Əliyev ordu generalı Hüseyn Qıvrıqoğluna “Şöhrət” ordenini təqdim etdi.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlu mərasimdə çıxış etdi. O, dövlətimizin başçısına təşəkkürünü bildirdi, bu ordeni həyatında layiq görüldüyü ən yüksək mükafatlardan biri kimi dəyərləndirdi, ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyini vurğuladı.
Mərasimdən sonra Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Qıvrıqoğlunun adından Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfinə ziyafət təşkil edildi.
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ YÜKSƏK MÜKAFATLARIN TƏQDİM EDİLMƏSİ MƏRASİMİ
Həmin gün Türkiyə paytaxtının tarixi yerlərindən olan “Ankara palats” hotelində Türkiyənin nüfuzlu ictimai təşkilatları və vəqfləri tərəfindən Azərbaycan Prezidenti Heydər Əliyevə yüksək mükafatların təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi. Hotelin konfrans salonuna toplaşan yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, millət vəkilləri, görkəmli elm, mədəniyyət və incəsənət xadimləri Azərbaycan Prezidentini hərarətlə qarşıladılar.
Azərbaycan-Türkiyə Dostluq və Əməkdaşlıq Fondunun sədri, dünya şöhrətli alim, professor İhsan Doğramacı mərasimdə çıxış edərək, dövlətimizin başçısı Heydər Əliyevin zəngin siyasi təcrübəsindən, onun yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olmasından danışdı. O, sülhün qorunmasında göstərdiyi xidmətlərə görə, Azərbaycan Prezidenti Heydər Əliyevin Beynəlxalq İhsan Doğrmacı Fondunun qızıl medalına layiq görüldüynü bildirdi və mükafatı respublikamızın rəhbərinə təqdim etdi.
Mükafat üçün minnətdarlıq edən Prezident Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın hərbi təcavüzü nəticəsində yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızın vəziyyətindən danışdı. 1994-cü ilin mayında atəşkəs əldə olunduğunu xatırladan dövlətimizin başçısı ölkəmizin işğal altındakı torpaqları azad edilmədiyindən bölgədə tam sülhün bərpa olunmadığını bildirdi.
Sonra Türkiyə Sənayeçiləri və İş Adamları Vəqfinin (TÜSİAV) sədri Vəli Sarıtoprak çıxış edərək dedi ki, Azərbaycan Prezidenti Heydər Əliyev ölkəsində türk iş adamlarına yaradılmış şəraitə və dost, qardaş dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi sahəsində müstəsna fəaliyyətinə görə vəqfin “Üstün xidmət və başarı mükafatı”na layiq görülmüşdür. Vəqfin sədri həmin mükafatı dövlətimizin başçısına təqdim etdi.
Prezident Heydər Əliyev mükafata görə təşəkkür edərək bildirdi ki, Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.
Ankara İşgüzar Qadınlar Cəmiyyətinin (ANİKOD) sədri xanım Sərpil Tınaz Akçar öz çıxışında bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyev bu cəmiyyətin təsis etdiyi “İlin dövlət adamı” mükafatına layiq görülmüşdür. Xanım Akçar mükafatı respublikamızın rəhbərinə təqdim etdi.
Dövlətimizin başçısı Heydər Əliyev mükafata görə minnətdarlıq etdi, qadınların cəmiyyətdə rolunun daha da yüksəldilməsi üçün Azərbaycanda ardıcıl tədbirlərin həyata keçirildiyini söylədi.
Daha sonra Türk Dünyası Yazıçılar və Sənətçilər Vəqfinin (TÜRKSAV) sədri Yəhya Akənginə söz verildi. O, Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqinə başlanmasının əhəmiyyətindən danışaraq vurğuladı ki, Azərbaycan rəhbərinin qardaş türkdilli xalqlar arasında mədəni əlaqələrin inkişafına göstərdiyi xidmətlər yüksəkdir. Vəqfin sədri Prezident Heydər Əliyevə “Türk dünyasının 2001-ci il xüsusi mükafatı”nı təqdim etdi.
Azərbaycan Prezidenti Heydər Əliyev Vəqfin sədrinə təşəkkür etdi, ölkəmizdə ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimlərinə həmişə xüsusi diqqət yetirildiyini vurğuladı. Dövlətimizin başçısı ona göstərilən yüksək hörmət və ehtirama görə mərasim iştirakçılarına minnətdarlığını bildirdi.
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 27-də onun üçün ayrılmış iqamətgahda - Camlı köşkdə Türkiyə baş nazirinin müavini, dövlət naziri Dövlət Baxçalını qəbul etdi. Söhbət zamanı hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi oldu.
Dövlətimizin başçısı Heydər Əliyev sonra Türkiyə baş nazirinin müavini, dövlət naziri Məsud Yılmazı qəbul etdi. Qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsindən sonra Prezident Heydər Əliyev və baş nazirin müavini Məsud Yılmaz jurnalistlərə qısa müsahibə verdilər.
Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev Camlı köşkdə əziz dostu və qardaşı, Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəllə görüşdü. Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə bir sıra məsələlər barədə söhbət getdi.
Sonra Prezident Heydər Əliyev və cənab Süleyman Dəmirəl birlikdə nahar etdilər.
X X X
Türkiyə Respublikasının baş naziri Bülənd Ecevit Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə səfəri zamanı səhhəti ilə əlaqədar onunla görüşə bilməməsindən təəssüfləndiyini bildirmişdir. Dövlətimizin başçısının səfərini yüksək qiymətləndirən cənab Bülənd Ecevit teleqram göndərmişdir. Teleqramda o, türk dünyasına göstərdiyi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə böyük hörmət və ehtiramını bildirmişdir.
Bülənd Ecevit Azərbaycan Prezidenti Heydər Əliyevə və nümayəndə heyətinin bütün üzvlərinə cansağlığı və uğurlar arzulamışdır.
Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinin baş naziri cənab Bülənd Ecevitlə telefonla danışmışdır. Respublikamızın rəhbəri Türkiyə hökuməti başçısının səhhəti ilə maraqlanmış, onun tezliklə sağalmasını arzulamışdır.
ESENBOĞA HAVA LİMANINDA YOLASALMA
Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 28-də Ankaranın Esenboğa hava limanına gəldi. Hava limanında respublikamızın rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını hava limanının Şərəf salonunun qarşısında Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl, Ankara valisi Yəhya Gur, Türkiyə Böyük Millət Məclisinin deputatları və digər rəsmi şəxslər mehribanlıqla salamladılar. Prezident Heydər Əliyev onlarla səmimiyyətlə görüşərək razılığını bildirdi.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi, türk əsgərini salamladı.
Təyyarənin pilləkəni yanında Süleyman Dəmirəl, Yəhya Gur, millət vəkilləri və digər rəsmi şəxslər Azərbaycan Prezidenti Heydər Əliyev ilə səmimiyyətlə sağollaşdılar.
Azərbaycan Prezidentinin təyyarəsi Qars şəhərinə yola düşdü.
X X X
Türkiyənin 9-cu Prezidenti, ölkəmizin və xalqımızın böyük dostu Süleyman Dəmirəl Esenboğa hava limanında Azərbaycan jurnalistlərinə qısa müsahibə verdi.
Cənab Dəmirəl Ermənistan-Azərbaycan münaqişəsindən, son illərdə Azərbaycanın bütün sahələrdə inkişafından, qazandığı böyük nailiyyətlərdən, ölkələrimiz arasında səmərəli iqtisadi əlaqələrdən danışdı. Ermənistanın işğalçılıq siyasətini tənqid edən Süleyman Dəmirəl dedi ki, Türkiyə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyəcək və bu, Türkiyənin dəyişməz siyasi xəttidir.
O, xüsusi vurğuladı ki, Azərbaycanda ictimai-siyasi sabitliyin yaranması, demokratik prinsiplərin bərqərar olması, iqtisadi sahədə tərəqqi bilavasitə Prezident Heydər Əliyevin xidmətidir. Cənab Süleyman Dəmirəl dost və qardaş ölkələrimiz arasında münasibətlərin səviyyəsindən məmnun qaldığını söylədi.
X X X
X X X
Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün Türkiyənin Qars şəhərinə gəldi. Hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Heydər Əliyevi Qars valisi Nevzat Turhan, şəhər bələdiyyə başqanı Naib Əlibəyoğlu və digər rəsmi şəxslər qarşıladılar. Hava limanına toplaşmış Qars sakinləri Azərbaycan Prezidentinə sevgi və məhəbbətlərini hərarətli alqışlarla izhar etdilər.
QARSDA HEYDƏR ƏLIYEV ADINA PARKIN VƏ BULVARIN AÇILIŞI
Azərbaycan Prezidenti Heydər Əliyev elə həmin gün şəhərin mərkəzində salınmış və onun adını daşıyan parkın açılış mərasimində iştirak etdi.
Qarsın füsünkar bir yerində salınmış bu istirahət guşəsinə toplaşanlar Azərbaycan rəhbərini hərarətli alqışlarla qarşıladılar.
Təntənəli açılış mərasiminin iştirakçıları əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Hər iki ölkənin dövlət himnləri səsləndi.
Qars valisi Nevzat Turhan və şəhər bələdiyyəsinin başçısı Naib Əlibəyoğlu mərasimdə çıxış edərək, Azərbaycan Prezidenti Heydər Əliyevin Qarsa səfərini şəhər sakinlərinin yaddaşında daim qalacaq tarixi hadisə kimi qiymətləndirdilər, Türkiyənin bu bölgəsinə səfər etdiyinə görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirdilər.
Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə geniş nitq söylədi. Respublikamızın rəhbərinin nitqi böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı.
Prezident Heydər Əliyev parkın açılışını bildirən qırmızı lenti kəsdi.
Heydər Əliyev parkında həmyerlimiz, heykəltəraş Əşrəf Əşrəfovun hazırladığı “Leyli və Məcnun” abidəsi də qoyulmuşdur. Dövlətimizin başçısı həmin abidənin açılışını bildirən örtüyü də götürdü.
Daha sonra Azərbaycan Prezidenti və mərasim iştirakçıları parkın yanındakı prospektə - Heydər Əliyev bulvarına gəldilər. Prezident Heydər Əliyev onun açılışını bildirən lenti kəsdi.
X X X
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ QAFQAZ UNİVERSİTETİNİN FƏXRİ DOKTORU DİPLOMUNUN TƏQDİM EDİLMƏSİ MƏRASİMİ
Azərbaycan Prezidenti Heydər Əliyev daha sonra Qars şəhərindəki Qafqaz Universitetinə gəldi. Universitetin rektoru, professor Necati Qaya, bu ali təhsil ocağının professor-müəllim heyəti, tələbələr Azərbaycan dövlətinin başçısını səmimiyyətlə, mehribanlıqla qarşıladılar.
Burada Azərbaycan Prezidenti Heydər Əliyevə Qafqaz Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsinə həsr olunmuş mərasim keçirildi. Mərasimdə universitetin rektoru, professor Necati Qaya, Qars şəhərinin valisi Nevzat Turhan çıxış etdilər. Sonra Prezident Heydər Əliyevə universitetin fəxri doktoru diplomu, mantiya təqdim olundu.
Azərbaycan Prezidenti Heydər Əliyev mərasimdə nitq söylədi.
Mərasimdə Türkiyə Böyük Millət Məclisinin sədri Ömər İzginin, baş nazir Bülənd Ecevitin, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin, ölkənin bir çox nazirlərinin, nüfuzlu ali təhsil ocaqları rektorlarının universitetin fəxri doktoru diplomunun təqdim olunması münasibətilə Azərbaycan Prezidentinə ünvanladıqları təbrik teleqramları oxundu.
X X X
Prezident Heydər Əliyev daha sonra Qarsda yaşayan azərbaycanlılarla, Qars valisi Nevzat Turhanla görüşdü. Valilikdə dövlətimizin başçısının şərəfinə şam yeməyi təşkil olundu.
SƏFƏR BAŞA ÇATDI
Azərbaycan Prezidenti Heydər Əliyev iyunun 28-də axşam Türkiyəyə işgüzar səfərini başa çatdıraraq hava limanına gəldi.
Qars valisi Nevzat Turhan, şəhərin bələdiyyə başqanı Naib Əlibəyoğlu və digər rəsmi şəxslər Azərbaycan Prezidenti Heydər Əliyev ilə təyyarənin pilləkəni yanında səmimiyyətlə sağollaşdılar.
X X X
Respublikamızın rəhbəri həmin gün gecə vətənə qayıtdı. Azərbaycan Prezidenti HEYDƏR ƏLIYEV Binə hava limanında jurnalistlərə müsahibə verdi:
-Axşamınız xeyir olsun!
Mən beş gündür Türkiyədə idim. Mənə dedilər ki, orada apardığım işlər, keçirdiyim görüşlər, qatıldığım tədbirlər hamısı televiziya vasitəsilə burada verilibdir. Siz hər bir şeyi görmüsünüz, eşitmisiniz, bilirsiniz. Ona görə də bu barədə mətbuata xüsusi məlumat verməyə ehtiyac duymuram. Ancaq onu demək istəyirəm ki, mən bu səfərimdən çox razıyam.
Səfərin birinci hissəsi İstanbulda Qara dəniz hövzəsi ölkələrinin işbirliyinin onuncu ildönümünə həsr olunmuşdur. Hesab edirəm, bu, çox yaxşı keçdi. Ümumiyyətlə, birinci, sammit Türkiyə dövləti tərəfindən yaxşı təşkil olunmuşdu və onu Türkiyənin Prezidenti hörmətli Əhməd Necdət Sezər təşkil etmişdi və aparırdı. İkinci də, danışıqlar çox konstruktiv idi, çox əhəmiyyətli idi. Bu təşkilatın gələcəyi haqqında hamımız eyni fikirdə olduq ki, həqiqətən bu, yaxşı gələcəyə malik olan bir təşkilatdır.
Mən əvvəldən bilmirdim. Təəssüflər olsun ki, bizim müvafiq orqanlar mənə vaxtında məlumat vermirlər. Demək, orada, o gün saat 5-də “Üç dənizin əfsanəsi” konfransı da var idi. Mən onu bilmirdim. Amma mənə orada dedilər və xahiş etdilər ki, iştirak edim. Orada da iştirak etdim, onu da televiziya ilə veriblər. Siz bunu bilirsiniz. İkitərəfli görüşlər keçirmişik. Onlar barəsində də məlumatınız var. Bir sözlə, səfərin İstanbul hissəsi çox yaxşıdır. Mən də bundan çox məmnunam.
Səfərimin Ankara hissəsi də sizə məlumdur. Orada səfirliyin açılması, “Azərbaycan evi”nin açılması, Bakı küçəsi var, onun açılması, ondan sonra bizim dostumuz İhsan Doğramacının heykəlinin açılması və onunla əlaqədar Bilkənd Universitetinin professor-müəllim heyəti ilə görüş, Türkiyənin Prezidenti Əhməd Necdət Sezər ilə xüsusi görüşümüz, danışıqlarımız və axşam yeməyi olmuşdur. Türkiyənin başqa rəhbərləri ilə də, baş nazirin müavini Dövlət Baxçalı ilə, baş nazirin müavini Məsud Yılmazla da görüşüm olmuşdur.
İstanbulda Türkiyənin xarici işlər naziri hörmətli İsmayıl Cem ilə xüsusi görüşümüz olmuşdu. Türkiyənin baş naziri xəstə olduğuna görə o, mənə dünən axşam teleqram göndərmişdi və öz hörmət, ehtiramını bildirirdi. Bu gün səhər mən Ankaradan çıxarkən onunla telefonla danışdım, ona şəfa dilədim. Güman edirəm ki, yaxın vaxtlarda o, tam sağalacaq, işlərini aparacaqdır.
Ondan sonra Qarsa gəlmişik və bütün gün də Qarsda idik. Mən, ümumiyyətlə, Qarsa getmək istəyirdim. O, bizim üçün çox vacib bir bölgədir. Bir-iki il bundan öncə Qars Qafqaz Universiteti mənə fəxri doktor adı vermişdi. Onlar da məni bir neçə dəfə dəvət etmişdilər. Onların dəvətini də yerinə yetirmək lazım idi. Ancaq bundan əlavə, orada Heydər Əliyev adına bulvar açıldı, küçə açıldı, Heydər Əliyev adına park açıldı. Orada da çox yaxşı görüşlər oldu. Demək olar ki, Qarsın əhalisini böyük bir hissəsi oraya toplaşmışdı. Univesitetdə çox yaxşı görüş keçdi. Nəhayət, Qarsın valiliyində oldum, bələdiyyəsində oldum. Bunları qurtarandan sonra da buraya gəlmişik.
Ümumiyyətlə, mən bu səfərimdən çox razıyam. Çünki Türkiyə-Azərbaycan əlaqələri nə qədər yüksək səviyyədə olsa da - bu, həqiqətən yüksək səviyyədədir - onları həmişə daha da yüksəltmək lazımdır. Hər dəfə belə görüşlərdə biz, bir tərəfdən, əlaqələrimizi genişləndiririk, xalqlarımızı daha da bu istiqamətə yönəldirik, ikinci tərəfdən də, meydana çıxan bəzi məsələlərin həll olunması üçün tədbirlər görürük. Bu qədər. Əgər indi sizin vacib sualınız varsa, buyurun.
SUAL: Cənab Prezident, Türkiyə bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yeni bir təşəbbüs irəli sürə bilərmi?
CAVAB: Dünən və ondan qabaq Türkiyənin Prezidenti ilə, digər şəxsləri ilə danışıqlarımızın əsası bu məsələyə həsr olunubdur. Türkiyə bir təşəbbüs irəli sürmür. Artıq indi heç kəs təşəbbüs irəli sürmür. Amma Türkiyə bizimlə bərbarədir, bir yerdədir və məsələnin həll olunmasında bizə yardım etməyə çalışırlar. Mən də həmişə olduğu kimi, bu dəfə də onlarla çox böyük məsləhətləşmələr keçirdim.
SUAL: Cənab Prezident, Siz Türkiyədə olarkən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşdünüz. Növbəti görüşlər planlaşdırılıbmı?
CAVAB: Bəli, görüşdük. Onlar mənə məlumatlar verdilər. Mən də onlara məlumatlar verdim. İndi konkret elə bir vaxt müəyyən edilməyib, amma gələcəkdə görüşlər olacaqdır.
SUAL: Cənab Prezident, Siz Türkiyə rəhbərləri ilə görüşdə Qarabağ məsələsindən danışdınız. Sonra Hüseyn Qıvrıqoğlu ilə təkbətək görüşünüz olmuşdur. Bəziləri bunu Azərbaycanın Türkiyədən hərbi dəstək istəməsi kimi qiymətləndirirlər. Bu, nə dərəcədə doğrudur?
CAVAB: Elə şey yoxdur. Biz Türkiyə ilə, Türkiyənin Silahlı Qüvvələri ilə bir neçə ildir əməkdaşlıq edirik. Bilirsiniz ki, biz Ali Hərbi Məktəb yaratdıq, bu məktəbin yaranması, Hərbi Akademiya yaratdıq, bunun yaranması, sonra digər bir məktəb yaratmışıq, onun yaranması - bu işlərdə Türkiyənin nümayəndələri bizə kömək edirlər, məsləhətlər verirlər. Bizim ayrı-ayrı hissələrimizdə əsgərlərimizi, zabitlərimizi öyrətmək üçün, onlara təcrübə vermək üçün, təcrübələndirmək üçün onlardan istifadə edirik. Ona görə də bizim bu əlaqələrimiz yeni bir şey deyildir. Bu görüşdə də yeni heç bir şey yox idi.
Bir il bundan əvvəl Hüseyn Qıvrıqoğlu “Türk ulduzları” ilə Azərbaycana gəlmişdi. Bütün dünyaya səs düşdü ki, guya bu hərbi təyyarələr Azərbaycana Ermənistanı basmaq üçün gəliblər. Yalan bir şeydir. Bilirsiniz ki, mən Hüseyn Qıvrıqoğlunu “Şöhrət” ordeni liə təltif etmişdim, bu dəfə onu təqdim etdim. Orada Türkiyə Silahlı Qüvvələrinin ən yüksək general heyətinin iştirakı ilə təqdimetmə oldu. Çox yaxşı bir görüş oldu. Bu da yenə Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına həsr edilibdir.
SUAL: Cənab Prezident, İstanbulda olarkən Ukrayna və Gürcüstan Prezidentləri ilə GUAM-ın perspektivi məsələsinə toxundunuzmu?
CAVAB: Biz bu məsələyə toxunmadıq. Çünki hər biri ilə ayrı-ayrı danışırdıq. Amma GUAM-ın perspektivi var. Siz niyə narahat olursunuz?!
SUAL: Cənab Prezident, Ermənistan Prezidenti bildirib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Ermənistanın güzəştlərinin az olmasına çalışacaq. Bunu necə qiymətləndirirsiniz?
CAVAB: Hərə öz tərəfindən çalışacaqdır. Sağ olun.
X X X
Prezident Heydər Əliyevi hava limanında Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qarşıladılar.
Aslan Aslanov,
Tural Rzayev,
Oqtay Aydınoğlu/foto/
AZƏRTAC-ın xüsusi müxbirləri
Rafiq Bağırov/foto/