AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
İcazə verin, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş bütün sənət adamları adından Sizə öz dərin təşəkkürümü bildirim.
Mən cəsarətlə deyə bilərəm ki, Siz həyatımızın digər sahələri kimi, Azərbaycan mədəniyyətinə, incəsənətinə də daimi diqqət və qayğı göstərən əsl sənət xiridarısınız. Danılmaz faktdır ki, heç bir dövlət başçısı sənətə, sənətkara Sizin qədər yüksək münasibət göstərməyib.
Sizin bu qayğınızı mən və mənim valideynlərim daim hiss etmiş və hazırda da hiss etməkdədir.
Allah-Təala mənə elə bir xoşbəxtlik nəsib etmişdir ki, sənətə gəlişim Sizin respublikamızın rəhbərliyinə gəldiyiniz dövrə təsadüf edir.
Mən sənətdə nəyə nail olmuşamsa, ilk növbədə Sizə və xalqıma borcluyam. Məhz Sizin diqqət və qayğınızla mən müğənni kimi formalaşmış, musiqi ifaçılığı sənətində öz sözümü demiş, müəyyən zirvələr fəth etmişəm. Layiq görüldüyüm bütün fəxri fərmanlar, adlar və mükafatlara görə Sizə borcluyam.
Sənətçilər çox incə, zərif olurlar. Onlar hər zaman dövlət başçısının diqqətinə, qayğısına ehtiyac duyurlar. Azərbaycanın sənət adamları xoşbəxtdirlər ki, onların Heydər Əliyev kimi dövlət başçısı vardır.
Əziz Prezidentimiz, Sizin bu qayğınız biz sənət adamlarını ruhlandırmaqla yanaşı, daha böyük xariqələr yaratmağa sövq edir.
Mən bir daha bizi yüksək təqaüdə layiq gördüyünüzə görə həmkarlarım adından və şəxsən öz adımdan Sizə - dünya şöhrətli, əsrimizin Prezidentinə, mədəniyyətimizin mənəvi atasına dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan uzun ömür, cansağlığı, xalqımızın, dövlətçiliyimizin rifahı naminə çox mürəkkəb, lakin son dərəcə şərəfli işinizdə uğurlar arzulayıram.
Sizi əmin edirəm ki, bütün sənət adamları prezident seçkilərində yalnız Sizin namizədliyinizi dəstəkləyəcək, Sizə səs verəcəklər. Mən də öz növbəmdə Sizin ən layiqli təbliğatçılarınızdan biri kimi, var qüvvəmlə təbliğati-konsert kampaniyasına qoşulacaq, bu müqəddəs işə öz töhfəmi verəcəyəm.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Xalq artisti, “Şöhrət” ordenli,
Prezident təqaüdçüsü
İlhamə Quliyeva.