AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Mənə göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz dərin minnətdarlığımı bildirirəm. Ömrünün 50 ilini incəsənətə həsr etmiş bir sənətçi kimi bundan qürur duyuram. 40 ildir ki, “Lalə” qızlar ansamblının bədii rəhbəriyəm. Dünyanın ən müxtəlif ölkələrində, keçmiş Sovet İttifaqının demək olar ki, bütün respublikalarında milli mədəniyyətimizi ləyaqətlə təmsil etmişəm. Lakin heç vaxt ağlıma gəlməzdi ki, uzun illərin zəhmətinin bəhrəsi kimi belə bir ali mükafata - Prezident təqaüdünə layiq görüləcəyəm. Bunu yalnız Siz qiymətləndirə bilərdiniz və qiymətləndirdiniz də. Fəxri mükafata layiq görülənlərin hamısı Azərbaycan incəsənətini inkişaf etdirən və yüksəklərə qaldıran sənət adamlarıdır. Onların hamısını milli sərvət kimi dəyərləndirdiyiniz üçün Sizə bu sənət dostlarım adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm.
Cənab Prezident!
Qarşıdan prezident seçkiləri gəlir. Bu seçkilərdə bizim sənət adamlarının bir namizədi var - Heydər Əlirza oğlu Əliyev! Fəxr edirik ki, bizim səsimiz məhz Sizin kimi bir müdrik şəxsiyyətə, qüdrətli dövlət xadiminə ”H.Ə.” deyəcəkdir. Təbliğat kampaniyası günlərində rəhbərlik etdiyim “Lalə” qızlar ansamblı ilə birlikdə Sizin şərəfinizə keçirilən bütün tədbirlərdə böyük sevinclə iştirak edəcəyəm. Tanrı Sizə cansağlığı, uzun ömür və xoşbəxtlik bəxş etsin!
Hörmətlə,
Ceyran Haşımova
“Lalə” qızlar ansamblının bədii
rəhbəri, respublikanın əməkdar
artisti.