AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ MÜRACİƏT
Azərbaycan neftçiləri “Neftçilər günü” peşə bayramını 18 sentyabr 2002-ci il tarixdə dünyada misli-bərabəri olmayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasının doğurduğu böyük sevinc və ruh yüksəkliyi şəraitində qeyd edir. 8 il əvvəl Sizin böyük uzaqgörənliklə yaratdığınız yeni Neft strategiyasının ilk və ən mühüm addımı atıldı. 20 sentyabr 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Məhz həmin günün hər il neftçilərin peşə bayramı kimi qeyd olunması barədə ötən il imzaladığınız Fərman Sizin Azərbaycan neftçilərinə göstərdiyiniz böyük ehtiram və qayğının bariz nümunəsidir.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasiminə və “Neftçilər günü”nə həsr olunmuş Dövlət Neft Şirkəti nümayəndələrinin təntənəli yığıncağında Sizin belə bir kəlamınız dönə-dönə vurğulandı ki, zəngin neft və qaz sərvətlərinə malik olan Azərbaycan bütün dünyada “Odlar diyarı”, ”Neft diyarı” kimi müxtəlif ölkələrdə neft sənayesinin yaranmasına böyük təsir göstərmişdir. Təsadüfi deyil ki, bir çox ölkələr Azərbaycanın mütəxəssislərinin təcrübəsindən faydalanaraq özlərinin neft sənayesini qura bilmiş, neftçi kadrlarını yetişdirmişlər. Azərbaycan neftçiləri keçmiş SSRİ-nin hər yerində, həmçinin uzaq Amerikada, Yaxın Şərqin bütün ölkələrində, Şimal dənizində və bir çox digər regionlarda neft yataqlarının kəşfində və istismarında böyük əmək sərf etmişlər. Siz həmişə Azərbaycan neftçilərinin fədakar əməyinə yüksək qiymət verərək onlara daim böyük qayğı və diqqət yetirmişsiniz.
Əziz və möhtərəm Prezident!
1993-cü ildə xalqın arzusu və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışınızdan sonra Azərbaycanın uçurum qarşısına gətirib çıxarılmış müstəqilliyi kimi, onun iqtisadiyyatı, ilk növbədə isə neft sənayesi də xilas edildi, ölkəmiz böyük inkişaf yoluna, dünya iqtisadiyyatına qovuşmaq yoluna qədəm qoydu. Məhz Sizin yorulmaz fəaliyyətiniz nəticəsində ölkəmizdə yaranmış sabitlikdən sonra dünyanın aparıcı neft şirkətləri üzlərini Azərbaycana tutdular. “Əsrin müqaviləsi” məhz Sizin, əziz Prezidentimiz, Azərbaycan qarşısında tarixlər boyu xatırlanacaq böyük xidmətinizdir. Biz yaxşı başa düşürük ki, dünyanın ən qüdrətli ölkələrinin böyük neft şirkətləri ilə bağlanmış Beynəlxalq neft müqavilələri təkcə iqtisadiyyatımızın inkişafı, xalqımızın rifah halının yaxşılaşması demək deyil. Bu müqavilələr, eyni zamanda, Azərbaycanın bütün dünyada tanınması deməkdir.
Zati-Aliləri, Cənab Prezident!
Bütün xalqımız kimi, Azərbaycan neftçiləri də sentyabrın 18-də “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsinin Faza-2 layihə sənədlərinin imzalanması və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasından sonsuz fərəh hissi duyur. Bu mərasimdə, cənab Prezident, Sizinlə bərabər Türkiyənin və Gürcüstanın prezidentlərinin və çoxsaylı yüksək səviyyəli xarici rəsmi nümayəndə heyətlərinin iştirakı Sizin şəxsiyyətinizə olan böyük ehtiram və hörmətin əyani təzahürüdür. Qəbul edilmiş layihələri neftçilərimiz iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının, müstəqil, demokratik Azərbaycan dövlətinin yüksəlişinin rəmzi hesab edirlər. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Əmin ola bilərsiniz ki, biz Xəzərdə yeni yataqların işlənilməsi, Azərbaycan neftinin dünya bazarına çıxarılması, hasilatın artırılması barədə Sizin müəyyən etdiyiniz vəzifələrin, ümumiyyətlə, neft strategiyasının uğurla həyata keçirilməsi üçün daim böyük səylə çalışacaq, Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ölkəmizin iqtisadi qüdrətinin artırılması, baş memarı olduğunuz neft strategiyasının təntənəsi üçün var qüvvəmizi sərf edəcəyik.
Möhtərəm Prezident!
Bütün Azərbaycan neftçiləri adından Sizə bir daha dərin təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanımızın daha da çiçəklənməsi naminə göstərdiyiniz böyük və yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Müraciət ARDNŞ-ın əmək kollektivləri
nümayəndələrinin sentyabrın 20-də
keçirilmiş təntənəli yığıncağında
qəbul edilmişdir.