AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin bu il 20 avqust tarixli məktubunuzla diqqətlə tanış oldum.
Strateji tərəfdaşlıq xarakteri daşıyan Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması barədə rəyinizə şərikəm. Yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyət də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Moskvada nail olduğumuz razılaşmaların uğurla həyata keçirilməsi buna sübutdur. Biz bu əməkdaşlığı ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin öncül istiqamətlərindən biri kimi qiymətləndiririk.
Azərbaycan Respublikasında Xəzər dənizinin neft ehtiyatlarının uzunmüddətli işlənilməsinə başlanmasının 10-cu ildönümü münasibətilə tədbirlərdə iştiraka dəvətə görə Sizə təşəkkür edirəm. Təəssüf ki, sıx iş cədvəli Bakıya gəlməyimə imkan vermir. Bununla əlaqədar beynəlxalq energetika əməkdaşlığı üzrə xüsusi nümayəndəm, xüsusi tapşırıqlar üzrə səfir İ.X.Yusufova təntənəli tədbirlərdə iştirak etməyi tapşırmışam.
Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı və firavanlıq arzulayıram.
Hörmətlə,
Vladimir Putin,
Rusiya Federasiyasının Prezidenti.
Moskva, 18 sentyabr 2004-cü il.