AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Əziz dost,
2004-cü il sentyabrın 20-də Azərbaycanın “Əsrin müqaviləsi”nin imzalanmasının 10-cu ildönümünü qeyd etdiyi bir gündə, icazə verin, Sizə ən hərarətli təbriklərimi çatdırım. Bu hadisə Azərbaycanın iqtisadiyyatında bir dönüş oldu, bizim üçün isə enerji ehtiyatlarının istismarında ölkənizin açıq siyasət yürütməsinin simvoluna çevrildi.
Bu müqavilə ölkələrimiz arasında ikitərəfli iqtisadi münasibətlərin möhkəmləndirilməsində də həlledici rol oynamışdır. Məhz onun nəticəsində Entrepose, Geoservices, Saipem-Bos və “Şahdəniz” qaz layihəsində çalışan Technip kimi Fransa şirkətləri Sizin ölkənizdə tərəfdaş şirkətlərlə geniş və möhkəm əlaqələr qurur və minlərlə iş yerləri açırlar.
Bizim şirkətlər dünən olduğu kimi, bu gün də ölkənizin inkişafında aparıcı rollarını davam etdirmək arzusundadırlar. Şirkətlərimiz hesab edirlər ki, Xəzər bölgəsində inkişaf layihələrinin həyata keçirilməsində Azərbaycan mühüm regional sənaye mərkəzi olmaq üçün bütün zəruri üstünlüklərə malikdir.
Heç bir şübhə yoxdur ki, Sizin ölkəniz tərəfindən neftlə bağlı sahələrdə əməkdaşlığa xüsusi hüquqi və vergi statusunu verən qanunun qəbul edilməsi onlara daha da təkan verər, Sizin davamlı inkişaf, yeni iş yerlərinin açılması və ölkənizin regional inteqrasiyası ilə bağlı məqsədlərimizin həyata keçirilməsində mühüm rol oynayardı.
Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həll edilməsinə mühüm əhəmiyyət verməyiniz mənə yaxşı məlumdur. Bu, ölkənizin və bütövlükdə Xəzər bölgəsinin iqtisadi inkişafı üçün zəruri şərtdir. İnanın ki, Fransa bundan sonra da regional əməkdaşlığın genişlənməsinə, sülhün və sabitliyin möhkəmlənməsinə, Azərbaycan xalqının və onun qonşularının tərəqqisinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləyəcəkdir.
Zati-aliləri, bir daha ən hərarətli təbriklərimi bildirməklə, Sizə olan dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Səmimi dostluq hissləri ilə,
Jak Şirak,
Fransa Respublikasının Prezidenti.
Paris, 20 sentyabr 2004-cü il.