AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük məmnuniyyətlə qeyd edirəm ki, Norveçlə Azərbaycan arasındakı münasibətlər əladır, bizim müqavilələrimiz bir sıra sahələri əhatə edir. Bu münasibətlərdə neft sektorunun müstəsna əhəmiyyəti var. Hər iki ölkə neft sahəsindəki fəaliyyətini təhlükəsiz, səmərəli və əsaslı surətdə həyata keçirməyə böyük üstünlük verir. Hər ikimiz neft sektoruna beynəlxalq şirkətləri cəlb etmək yolunu seçmişik və bunu etməklə onların təcrübəsi və biliyindən bəhrələnmişik. Ölkələrimiz neft gəlirlərini öz xalqlarının rifahı və təhlükəsizliyinə yönəltməyi daim qarşılarına məqsəd qoymalıdırlar.
“Statoyl” ölkələrimiz arasındakı münasibətlərdə və eləcə də Azərbaycanın enerji ehtiyatlarının inkişafında xüsusi rol oynayan şirkətdir. Bu, ölkələrimiz üçün qarşılıqlı surətdə faydalıdır. “Statoyl”dan əlavə, bir neçə digər Norveç şirkətinə də Azərbaycanın neft və qaz sektorunda fəaliyyət göstərmək imkanı yaradılmışdır. Norveç şirkətləri Azərbaycanda maraqlı biznes imkanları tapmışlar və mən əminəm ki, bu fəaliyyətlərini davam etdirəcəklər. Şübhə yoxdur ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının inkişaf etdirilməsi bu işdə əsas rol oynamaqda davam edəcəkdir.
Xahiş edirəm “Əsrin müqaviləsi”nin 10 illiyi ilə bağlı ən səmimi arzularımı qəbul edəsiniz.
Kyel Maqne Bunnevik,
Norveç Krallığının Baş naziri.
Oslo, 20 sentyabr 2004-cü il.