AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Haqlı olaraq, “Əsrin müqaviləsi” adlandırılan və suveren Azərbaycanın təşəkkülündə yeni dövr açan əlamətdar hadisə - “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi haqqında dünyanın aparıcı ölkələrinin ən iri şirkətləri ilə saziş imzalanmasının onuncu ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bu gün artıq heç kimdə şübhə doğurmur ki, Prezident Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi Azərbaycanın gələcəyi üçün həlledici xarakter daşıyır və ölkədə nəinki sosial-iqtisadi vəziyyəti yaxşılığa doğru kökündən dəyişdirməyə, həm də azərbaycanlıların bir çox nəsillərinin rifahı üçün möhkəm təməl yaratmağa imkan verəcəkdir.
Qeyd etmək xoşdur ki, siyasi sabitlik, sosial-iqtisadi inkişaf və Azərbaycanın beynəlxalq işlərdə rolunun artması ölkənin doğru yolda olduğunu göstərir.
Qazaxıstan-Azərbaycan münasibətləri inamla irəliləyir, qarşılıqlı siyasi fəaliyyət dərinləşir, neft-qaz sahəsi də daxil olmaqla, əməkdaşlığın bütün istiqamətlərində əlaqələr güclü şəkildə inkişaf edir, xalqlarımız arasında qardaşcasına dostluq möhkəmlənir. Əmin olduğumu bildirirəm ki, biz dövlətlərarası münasibətlərimizi yeni, daha yüksək səviyyəyə qaldırmaq üçün birgə səylər göstərəcəyik.
Azərbaycanın inkişafına yönəldilmiş yüksək missiyanızda Sizə böyük uğurlar, bütün qardaş Azərbaycan xalqına isə səadət, firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Nursultan Nazarbayev,
Qazaxıstan Respublikasının Prezidenti.
Astana, 20 sentyabr 2004-cü il.