AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Təəssüf ki, əvvəlcədən nəzərdə tutulan iş cədvəlinə görə, Bakıdakı mərasimdə iştirak etmək iqtidarında deyiləm. Amma Böyük Britaniya Birləşmiş Krallığının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ser Brayan Foldan xahiş etmişəm ki, 10 illik yubiley təntənələrində mənim şəxsi təmsilçim olsun.
Hazırda həyata keçirilən əsas infrastruktur layihələrinin 2005-ci ildə başa çatmasını böyük səbirsizliklə gözləyirəm. Bu layihələr çoxlu mənfəət verəcəkdir. Layihələrdən gələn gəlirlərin Azərbaycanın və Azərbaycan xalqının gələcək firavanlığının təminatçısı olmaq kimi böyük potensialı var. Bu kontekstdə mən xüsusilə Hasilat sənayelərində şəffaflıq təşəbbüsünə Sizin davamlı sadiqliyinizi alqışlayıram.
Azərbaycan müstəqilliyini qazandıqdan sonra sürətli tərəqqi əldə edibdir. Sizin ölkəniz terrora qarşı qlobal savaşda güclü tərəfdaşdır. Bizim əsgərlərimiz çiyin-çiyinə xidmət edərək, İraq və Əfqanıstana sülh və sabitlik gətirirlər. Azərbaycan Avropa Birliyinin Avropa Qonşuluq Siyasətinin alqışladığımız iştirakçısıdır. Ümid edirəm ki, Böyük Britaniya və Azərbaycan bu günədək ölkənizin neft və qaz sənayesinin inkişafı sahəsində olduğu kimi, digər sahələrdə də qarşılıqlı fayda əsasında sıx işbirliyini davam etdirə biləcəklər.
Gələn dəfə Böyük Britaniyada olacağınız zaman bu mövzuları böyük məmnuniyyətlə şəxsən Sizinlə müzakirə edərdim.
Toni Bleyer,
Böyük Britaniya Birləşmiş Krallığının Baş naziri.
London, 20 sentyabr 2004-cü il.