AZƏRBAYCAN TƏHLÜKƏSİZLİK ORQANLARININ 87 İLLİYİNƏ HƏSR OLUNMUŞ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları, əvvəlcə, rayon icra hakimiyyətində ümummilli lider Heydər Əliyevin büstü önünə tər qərənfillər düzdülər, müstəqil dövlətimizin qurucusunun xatirəsinə hörmət və ehtiramlarını bildirdilər, ulu öndərin şərəfli ömür yoluna, eləcə də, xüsusi xidmət orqanlarının fəaliyyətinə həsr olunmuş foto-sənədlərə, kitab sərgisinə baxdılar.
Toplantıda əvvəlcə Azərbaycanın Dövlət himni səsləndi. Dahi şəxsiyyət, suveren dövlətimizin memarı, uzun illər Azərbaycanın dövlət təhlükəsizliyi orqanına rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin nurlu xatirəsi birdəqiqəlik sükutla yad edildi. Dahi şəxsiyyət Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinin kollektivi ilə müxtəlif illərdə keçirdiyi unudulmaz görüşləri əks etdirən sənədli film nümayiş etdirildi.
Nazirliyin Nərimanov rayon şöbəsinin rəisi Asif Abbasov və nazirliyin əməkdaşı Məmməd Cəfərlinin məruzələri dinlənildi. Təhlükəsizlik orqanlarının keçdiyi inkişaf yolundan ətraflı danışan natiqlər xüsusi vurğuladılar ki, bu qurumun fəaliyyəti 1956-65-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində, əvvəlcə əks-kəşfiyyata, 1967-ci ildən isə Komitəyə rəhbərliyi dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, burada çalışan milli kadrların sayı qısa müddətdə 20 faizdən 60-80 faizədək artdı, DTK-da kök salmış erməni millətçilərinin əsrin əvvəlindən başlanmış bədnam fəaliyyətinə son qoyuldu.
Dahi rəhbərin xalqımızın təkidli tələbi ilə ikinci dəfə respublikamızın siyasi rəhbərliyinə qayıdışından sonrakı dövrdə müstəqil dövlətçiliyimizin bərqərar olması, milli-demokratik dövlət quruculuğu uğrunda apardığı çətin, gərgin, şərəfli mübarizəsində də vaxtilə onun bu sistemdə yaratdığı məktəbin milli ruhlu yetirmələri böyük öndərin sədaqətli yardımçıları olduğu, onların fədakarlığı diqqətə çatdırıldı. Dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə nazirliyin onlarca əməkdaşının igidliklə vuruşduğu, onlardan 6 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyü, son vaxtlar beynəlxalq terror təşkilatları ilə əlaqəsi sübuta yetirilmiş cinayətkar dəstələrin zərərsizləşdirildiyi, bir sıra terror-təxribat cəhdinin qarşısının alındığı da bildirildi. Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə general-leytenant Eldar Mahmudovun nazir təyin ediləndən sonra bu qurumun cəmiyyətdə nüfuzu xeyli artmış, qısa müddətdə müasir tələblərə uyğun müsbət dəyişikliklər baş vermişdir. Nazirliyin strukturunda, kadrlarla işdə, maddi-texniki bazanın möhkəmlənməsində, müasir tələblərə cavab verən rabitə, informasiya texnologiyaları ilə təminat sahəsində görülən tədbirlərin əhəmiyyəti diqqətə çatdırıldı, son vaxtlar MTN-nin öz fəaliyyətində aşkarlığa, xalqla ünsiyyətə xüsusi önəm verdiyi təqdirəlayiq hal kimi qeyd olundu.
Görüşdə çıxış edən xüsusi xidmət orqanlarının veteranları, rayon ictimaiyyətinin nümayəndələri nazirlik əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək, onlara şərəfli işlərində uğurlar arzuladılar.
Tədbir boyu respublikamızın tanınmış incəsənət ustalarının ifasında Vətənə, Azərbaycana, ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər, mahnılar səsləndi. Respublika hərbi-idman oyunlarında həmişə nümunəvi çıxışları ilə fərqlənən rayon məktəblilərinin təbrikləri yığıncaq iştirakçılarında, xüsusilə veteranlarda xoş əhval-ruhiyyə yaratdı.
Görüşdə iştirak edən xüsusi xidmət orqanları veteranlarına hədiyyələr təqdim olundu, onlarla xatirə şəkli çəkdirildi.