Azərbaycan təkcə Qafqazda deyil, həm də bütün dünyada ən tolerant ölkədir
Yəhudi Xəbərlər Agentliyi (YXA) “Faydalı görüş” sərlövhəli məqalə dərc edib. Məqalədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Vaad L”Hatzolas Nidshei Yisroel (Amerikanın yəhudilərə yardım təşkilatı) təşkilatının üzvləri rav Şmuel Simantov, rav Zamir İsayev və Murad Salmanov ilə görüşündən söz açılıb.
Məqalədə deyilir ki, görüşdə yəhudi təşkilatının Azərbaycanın millətlərarası münasibətlər, multikulturalizm və din sahələrində çalışan dövlət strukturları ilə əməkdaşlıq məsələləri ətrafında konstruktiv müzakirələr aparılıb. Bundan əlavə, Azərbaycan və yəhudi xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsinə yönələn birgə layihələrin perspektivləri qiymətləndirilib.
Dövlət müşavirinin aparatından YXA-ya bildiriblər: “Dövlət müşavirinə Vaad L”Hatzolas Nidshei Yisroel barədə məlumat verən rav Şmuel Simantov xüsusi vurğulayıb ki, İsrail vətəndaşı olsa da, Azərbaycana dərin bağlılıq hiss edir”.
Görüş iştirakçılarının ümumi fikrincə, Azərbaycan təkcə Qafqazda deyil, həm də bütün dünyada ən tolerant ölkədir. Bu fenomen Vaad L”Hatzolas Nidshei Yisroel təşkilatının respublikada uğurlu fəaliyyət göstərməsinə əlverişli şərait yaradır, gözəl perspektivlər açır.
Görüşün sonunda dövlət müşaviri Kamal Abdullayev özünün humanist pafoslu, dərin Şərq fəlsəfəsi ilə zəngin kitablarını yəhudi təşkilatının nümayəndələrinə təqdim edib.
http://www.aen.ru/?page=brief&article_id=71966 linkinə müraciət etməklə məqalənin tam mətni ilə tanış ola bilərsiniz.