Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

AZƏRBAYCAN TEMATİK ƏLAVƏ

Azərbaycanda idmanı sevirlər. Özü də qəti və həmişəlik. Əslinə qalsa, bu ölkə idman sərrafları və biliciləri diyarıdır. Bu millət sədaqətli və səmimi azarkeşlər millətidir. Bunu inkar etmək olmaz.

Bu keçmiş sovet respublikasında idman yüksəlişdədir. MDB məkanında heç bir yerdə Azərbaycanda olduğu qədər beynəlxalq səviyyəli idman kompleksləri tikilmir. Bu, həqiqətdir. Azərbaycanın idman strategiyasının ən başlıca fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, komplekslər elita, say-seçmə adamlardan ötrü deyil, hamı üçün tikilir. Dövlət büdcəsindən çox da böyük olmayan ayırmalar kütləvi idmanın inkişafına xərclənir.

Bir sıra sosial problemlərin həll edilməmiş qalmasına baxmayaraq, idmanın inkiafına dair məqsədyönlü dövlət siyasəti cəmiyyətdə rəğbətlə qarşılanır. Əhalinin bir qismi yoxsulluq içində yaşayır, işsizlər var. Faktiki olaraq, indi Azərbaycan ölkənin inkişafı üçün yeni iqtisadi baza yaradır. Sovet hakimiyyəti illərində yaradılmış sənaye potensialının 95 faizi sıradan çıxır, ona görə ki, bu potensial tarixən ömrünü başa vurmuşdur. Ona tələbat yoxdur və ola da bilməz. O, qapalı bir iqtisadiyyat üçün yaradılmışdı. Açıq bazar şəraitində isə bu potensial əməlli-başlı iflic vəziyyətinə düşmüşdür.

Bu gün Azərbaycan büdcəsinin ümumi məbləği təxminən 1 milyard dollardır. İndiki meyarlar baxımından azdır. Lakin hələ 1993-cü ildə bu rəqəm on dəfə az idi. İqtisadçıların hesablamalarına görə, yaxın üç-dörd ildə ölkənin büdcəsi 4-5 dəfə artacaqdır.

Azərbaycan rəhbərliyinin niyyətlərinə əsasən, düşünmək olar ki, hökumət bütün hallarda cəmiyyət qarşısında götürdüyü sosial öhdəliklərin yerinə yetirilməsinə ciddi şəkildə və məsuliyyətlə yanaşacaqdır. Sağlam və güclü nəsil tərbiyə edilməsi dövlətin öncül vəzifələrindən biri kimi nəzərdə tutulur.

“İzvestiya - Azərbaycan”ın bu növbəti buraxılışı bütünlüklə ölkənin idman həyatına həsr olunmuşdur. Ola bilsin ki, bu səhifənin bir çox oxucuları Azərbaycanı özləri üçün yenidən kəşf edəcəklər. Bəlkə də, kimlərsə yəqin edəcəklər ki, bu ölkə yaşayır və inkişaf edir, ticarət azərbaycanlılar üçün heç də ən başlıca idman növü deyildir. Sizə Azərbaycanın gənclər, idman və turizm naziri Əbülfəz Qarayevlə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə müsahibələri, ölkə idmanının ulduzları haqqında materiallar təqdim edirik.

Əbülfəz QARAYEV:FUTBOL ƏN YARALI YERİMİZDİR

Azərbaycanda idmanın inkişafı məsələləri ilə dövlət səviyyəsində Gənclər, İdman və Turizm Nazirliyi məşğul olur. Burada heç bir ziddiyyət yoxdur, əksinə, güclü və sağlam nəsil tərbiyə edilməsi ilə bağlı problemlərə kompleks şəkildə yanaşılır. Bəs bu problemlər necə həll edilir? Nazir Əbülfəz QARAYEV ilə müsahibə də elə bu barədədir.

- Sovet dövründə Azərbaycan idmanın inkişaf səviyyəsinə görə həmişə seçilirdi. Tarix unudulmayıb ki?

- Əlbəttə, unudulmayıbdır. Amma obyektivlik naminə demək lazımdır ki, SSRİ xalqları spartakiadalarında, universiadalarda Azərbaycanın tutduğu ən yüksək yer yeddinci yer olurdu. Təəssüf ki, respublikamızın idmançıları futbol kimi, - bizim “Neftçi” komandası 1967-ci ildə bürünc medal qazanmışdı, - bəzi idman növləri istisna olmaqla, turnir cədvəlində həmişə orta yerlərdən birini tuturdu. Vaterpolçularımızın, otüstü xokkeyçilərimizin, voleybolçularımızın uğurlarını xatırlaya bilərik. Üstəlik, şübhəsiz, Azərbaycanın təknövçülərinin xidmətlərini də qeyd etməliyəm. Onlar idmançılarımızın indiki nəsli üçün uca zirvəyə yol açmışlar.

Bizdə yaxşı qılıncoynadanlar, beşnövçülər, yetərincə məşhur yüngül atletlər, indiyədək dünyanın aparıcı idmançıları sırasına daxil olan atıcılar olmuşdur. Əlbəttə, bütün bunlar Azərbaycanı idmanda uğurlar qazanan respublika hesab etməyə əsas verirdi.

-Ənənələr yaşayırmı?

-Onlar, sadəcə olaraq, var, saxlanmışdır və dərin köklərə malikdir. Xatırlatmaq istəyirəm ki, 1970-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi, indiki Azərbaycan Prezidenti Heydər Əliyev idmanın və bədən tərbiyəsinin inkişafına çox böyük diqqət yetirirdi. 1978-ci ildə o, Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafına, idman məktəblərində, təhsil sistemində tərbiyə işinə dair məşhur bir müşavirə keçirmişdi; respublikanın bütün bölgələrində idman məktəblərinin, xüsusən şahmat məktəblərinin bütöv bir sistemi məhz onun dövründə formalaşmağa başlamışdı.

8 il əvvəl nazirliyin nəzdində İdman Veteranları Şurası yaradılmışdır. Elə bir yubiley, elə bir əlamətdar idman hadisəsi olmur ki, onlar idman veteranlarımızın, xidmətlər göstərmiş insanların iştirakı olmadan keçirilsin. Bunun özü də gənc idmançılara güclü təsir bağışlayır. Bütün bunlar ictimaiyyətdə idmana hansısa xeyirxah münasibət yaradır.

-Azərbaycan idmanı dövlətin dəstəyini sözün əsl mənasiında nə vaxt hiss etmişdir?

-1994-cü ildən. O vaxt idman büdcədən maliyyələşdirilməyə başladı. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirak edə bilməsi üçün idman bazası formalaşdırılmağa başladı.

-Bəs büdcədən idmana nə qədər pul ayrılır?

-İlk vaxtlar ildə 300 min dollar ayrılırdı, indi isə təxminən bir milyon dollar. Bu vəsait hamısı bütün xarici səfərlər üçün, bütün respublika yarışları, təlim-məşq toplanışları və başqa tədbirlər üçün nəzərdə tutulur.

-Bu, çoxdur, yoxsa, az?

-Əlbəttə, daha çox vəsait ayrılmasını istərdik. Amma dövlətin imkanlarını da nəzərə almaq lazımdır. Bir də ona görə ki, Milli Olimpiya Komitəsi ilə birlikdə biz büdcədənkənar mənbələrdən də vəsait cəlb edirik.

-Bu gün Azərbaycan idmanın, o cümlədən kütləvi idmanın inkişaf etdirilməsi üçün nə kimi imkanlara malikdir?

-İndi bizim, necə deyərlər, baza potensialımız tamamilə başqadır.

-Nə mənada?

-İmkanlar mənasında. Biz lap əvvəldən iki istiqamət götürmüşük. Birincisi, əhali arasında idmanı geniş yaymaq, uşaqları idman məşğələlərinə fəal cəlb etmək və bundan ötrü lazımi şərait yaratmaqdır. Digər istiqamət isə idmanda yüksək nailiyyətlər qazanmaqdır.

Naxçıvanda Olimpiya İdman Kompleksinin inşa edilməsi və istifadəyə verilməsi adi bir hadisə deyildir. Mən o illər Naxçıvanda yaşayarkən heç düşünə bilməzdim ki, gün gələcək, işlərimiz yaxşılaşacaq, yaşayış düzələcək, əmin-amanlıq olacaq, iqtisadiyyatımız inkişaf edəcəkdir.

İndi Azərbaycanda idmanın, bədən tərbiyəsinin böyük maddi-texniki bazası yaranır. Biz buna büdcədən vəsait ayırırıq. Hələlik bacardığımız qədər ayırırıq. Bu, gənclər üçündür, gələcək üçündür. Gənclərimiz idmanla, bədən tərbiyəsi ilə nə qədər çox məşğul olsalar, o qədər güclü olacaqlar.

(Naxçıvanda Olimpiya İdman Kompleksinin açılışında Heydər Əliyevin nitqindən)

Biz artıq üçüncü dəfədir yeniyetmələrin ümummilli oyunlarını keçiririk. Bu, nə olan şeydir? Bütün məktəblər xüsusi proqramlar üzrə öz regionu, şəhəri çərçivəsində yarışır, sonra zona yarışlarına çıxırlar, zonalarda yarışlar keçirir və onların qalibləri Bakıya gəlir, yaxud da final yarışları üçün müəyyənləşdirdiyimiz yerlərə gedirlər. Məsələn, bu il komandamızı Moskvaya yeniyetmələrin oyunlarına göndərməzdən əvvəl 50 min uşaq müxtəlif yarışlarda iştirak etmişdir. Kimlərsə güləşir, kimlərsə futbol oynayırdı və sairə. Yarışların final mərhələsi Bakıda keçirildi və bu yarışlarda 6 min uşaq iştirak etdi. Bu, onu göstərir ki, idmanın kütləviliyi artıq təmin olunmuşdur. Artıq bu hərəkatı dayandırmaq mümkün deyildir.

-Bəs ikinci istiqamət?

-Söz yox ki, idmançılarımızın uğurları kütləvi idmanın inkişafına çox böyük təsir göstərir. Hər bir olimpiya çempionu, hər bir dünya çempionu indi ölkənin məşhur, yüksək nüfuzlu şəxsiyyətidir. O, sosial cəhətdən təmin olunmuşdur, dövlət idmançıların nailiyyətlərinin stimullaşdırılması haqqında qərar qəbul etmişdir. Məsələn, bizdə belə bir qayda var: yaşlılar arasında dünya çempionu 10 min, Avropa çempionu 5 min, Olimpiya oyunlarının çempionu 25 min dollar alır.

-1997-ci ildə Azərbaycanda idman haqqında yeni qanun qəbul edilmişdir. O, nə dərəcədə gərəkdir? Sizcə, onun əhəmiyyəti nədən ibarətdir?

-Qanun hər bir işdə gərəkdir və Azərbaycanda idman haqqında qanunun olması da sübut edir ki, dövlət idmanın inkişafını öncül istiqamətlərdən biri, ictimai əhəmiyyətli vəzifə sayır.

-Hazırda Azərbaycanın bir çox nümayəndələri başqa ölkələrin, o cümlədən də Rusiyanın bayrağı altında çıxış edirlər. Siz buna necə baxırsınız?

-Sizə deyim ki, müxtəlif ölkələrdən və müxtəlif millətlərdən olan idmançılar dünyanın ən müxtəlif yığma komandalarının və klublarının tərkibində çıxış edirlər. Bu, müasir dünyada normal hala çevrilmişdir . Amma deməliyəm ki, 1998-ci ildən sonra Azərbaycandan, əslində, heç kim çıxıb getməmişdir, əgər hansısa qohumluq əlaqələrinə, ailə vəziyyətinə görə gedənlər olubdursa, biz onların qayıtması prosesini də görürük. Son vaxtlar bəzi ölkələrin nümayəndələri Azərbaycana gəlməyə çalışır, həm idman cəmiyyətlərinin tərkibində, həm də Azərbaycanın bayrağı altında çıxış etmək istəyirlər.

-Siz bunu nə ilə izah edirsiniz?

-Dövlətin və ictimaiyyətin idmanın inkişafına qayğısının və idmanın maddi cəhətdən stimullaşdırılmasına diqqətin artması ilə. Daha bir amil isə ölkədə yaranmış ictimai-siyasi sabitlikdir. Ölkədə sabitlik olmasaydı, indi biz sizinlə heç bir idmandan, heç bir nailiyyətdən danışa bilməzdik.

- Cənab nazir, Azərbaycanda ən geniş yayılmış idman növlərinin reytinqi barədə nə deyərdiniz?

-Sözsüz ki, Azərbaycanda məşhurluğuna görə 1 nömrəli idman növü futboldur. Futbol bizim ən yaralı yerimizdir. Kim nə deyirsə-desin, bu, məhz belədir. Bizdə futbolla bağlı böyük və çox böyük problemlər var. Təkrar edirəm, futbol idmanda bizim yaralı yerimizdir, Futbol Federasiyasında vəziyyətin sağlamlaşdırılması ilə bağlı ən çox narahatlıq keçirdiyimiz və ümid bəslədiyimiz məsələdir.

Bizdə məşhurluq baxımından sonrakı yerlərdə təknövçülük gəlir. Bunlar, ənənəvi olaraq, güləş, boksdur, son vaxtlar cüdo, taekvondo, karate çox geniş yayılmışdır. İndi bu idman növləri rayonlarda da, bölgələrdə də, paytaxtda da bir çox bölmələrdə qədərincə geniş inkişaf etdirilir.

-Rusiyanın idman federasiyaları ilə əməkdaşlıq necə inkişaf edir?

- Məncə, sadəcə olaraq, əla. Biz idmançılarımızı Podolska, Moskvaya, Xasavyurta idmanın müxtəlif növləri üzrə təlim-məşq toplanışlarına tez-tez göndəririk. Rusiyanın yeni Prezidenti cənab Putinin idmanın inkişafına necə böyük diqqət yetirdiyini görürük. Onun özü idmançıdır və bu da bizi ruhlandırır. Hər halda, cüdoçularımız Putindən fəal nümunə götürürlər.

Cingiz HÜSEYNZADƏ: OLIMPIADA NƏ VAXTSA BIZDƏ DƏ KEÇIRILƏCƏK

Azərbaycan Milli Olimpiya Komitəsi indi ölkənin,

əslində, bütün bölgələrində məşhurdur. Halbuki hələ

təxminən beş il əvvəl bu təşkilat kütləvi şüurda müstəqil

dövlətin atributlarına, olsa-olsa, hansısa bir əlavə kimi

qəbul edilirdi. Özü də anlaşılmaz vəzifələri və məqsədləri

olan bir təşkilat kimi. Azərbaycan MOK-un vitse-prezidenti

Çingiz HÜSEYNZADƏ “İzvestiya”ya respublikada olimpiya

hərəkatının necə inkişaf etdiyindən danışır.

- Hər hansı bir ölkədə olimpiya hərəkatı idmandan geniş məsələdir. Bu hərəkat Azərbaycanda necə inkişaf edir?

- Biz sentyabrda 10 illik yubileyimizi qeyd etməyə hazırlaşırıq. Bu, məsələnin rəsmi tərəfidir. Həqiqət isə bundadır ki, Olimpiya Komitəsi 1992-ci ildə yaradılsa da, əslində, fəaliyyət göstərmirdi. O, cansız bir təşkilat idi və öz fəaliyyətini Beynəlxalq Olimpiya Komitəsinin/BOK/ maliyyələşdirdiyi tədbirlərdə iştirakla məhdudlaşdırırdı. Yəni, Milli Olimpiya Komitəmizin rəhbərliyini dəvət edirdilər və onlar da BOK-un fəaliyyətinə qatılırdılar.

- Əslinə qalsa, bu, olimpiya turizmi idi?

- Bəli, elədir. Hərçənd onu turizm də adlandıra bilməzsən, ona görə ki, bir-iki adamdan savayı, heç kim, heç vaxt, heç yerə getmirdi. Bu, Azərbaycan idmanı üçün çətin bir dövr idi. Onunla dövlət səviyyəsində heç kim məşğul olmurdu. Vəziyyət 1994-cü ildən, Gənclər və İdman Nazirliyi yaradıldıqdan sonra dəyişməyə başladı. Amma o qədər də köklü surətdə yox. Ölkə müstəqilliyin ilk illərindəki qarmaqarışıqlıqdan və dağıntılardan sonra təzə-təzə özünə gəlirdi. Dövlətin idmanı maliyyələşdirməyə kifayət qədər vəsaiti yox idi. Lakin Azərbaycanda idman həmişə sevildiyinə görə ictimaiyyət bu işə qarışdı, o mənada ki, olimpiya hərəkatı ilə əlaqədar nəsə etmək, idmanın dirçəlişi üçün ölkəyə hansısa vasitələrlə kömək göstərmək lazımdır.

- Oxuculara xatırladın: müstəqil dovlət olaraq Azərbaycan Olimpiya oyunlarında ilk dəfə nə vaxt iştirak etmişdir?

- 1996-cı ildə. 1992-ci ildə biz MDB komandasının heyətində iştirak edirdik, özü də pis çıxış etmədik, qızıl medallarımız da oldu. Buna baxmayaraq, bu, Birliyin yığma komandası tərkibində oldu. MDB yığma komandası isə SSRİ yığma komandasından başqa bir şey deyildi. 1996-ci il olimpiadası artıq müstəqil Azərbaycanın Milli Olimpiya Komitəsinin iştirak etdiyi ilk olimpiada idi. Bu olimpiada 23 idmançı iştirak edirdi- güləş üzrə yarışlarda bir gümüş medal qazanıldı. Bilirsiniz ki, güləş Azərbaycan üçün ənənəvi idman növüdür. Hətta elə bir hazırlıq işi aparılmadan da güləşçiləri bir yerə toplamaqla nə isə etmək mümkündür. Lakin, hər halda, bütün bunlar çox da xoşagələn deyildi. Həmin olimpiadadan sonra möhtərəm Prezidentimiz Heydər Əliyev idmançıları qəbul etdi, oyunlarda iştiraklarına görə, heç olmasa, bir medal qazandıqlarına görə təşəkkürünü bildirdi. Ancaq, eyni zamanda, deyildi ki, bu, Azərbaycan üçün kifayət deyildir, potensial imkanlarımızi əks etdirmir.

- İndi vəziyyət başqa cürdür. BOK ölkənizin uğurlarını qeyd edir. Xüsusi vurğulanır ki, Azərbaycan Milli Olimpiya Komitəsi real işlərlə məşğuldur - əla idman obyektləri tikir, əslində, hamının idmanla məşğul olması üçün açıq olan bazalar yaradır...

- Dövlət nə qədər varlı olsa da, cəmiyyətin bütün tələbatını, o cümlədən də idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində tələbatı təkbaşına təmin etməyə qadir deyildir. MOK dövlət orqanı, idarə deyildir, mahiyyəti etibarilə ictimai təşkilatdır. Nəzərə çarpdırıram: təşkilatdır. Deməli, burada iş yuxarıdan göstərişlər əsasında qurulmamalıdır. 1997-ci ilədək, yəni rəhbər heyət yenidən seçilənə qədər MOK, - qoy kimsə inciməsin, - dövlətin əlavə bir qurumu kimi fəaliyyət göstərirdi. MOK-un yeni tərkibinin seçildiyi elə ilk gündən fəal iş başlandı. İlk növbədə, bütün beynəlxalq idman təşkilatları ilə əlaqə yaradıldı. Bu, vacib idi. Anlatdıq ki, biz yaşayırıq, varıq və işləmək istəyirik...

Biz uşaq və yeniyetmə idmanına böyük əhəmiyyət veririk. Çünki uşaq və yeniyetmə idmanı olmayan yerdə idmanın gələcəyi yoxdur. Biz istəyirik ki, Azərbaycanda idmanla məşğul olmaq kütləvi hal alsın. Çünki idmanla məşğul olan hər bir insan həm fiziki, həm də mənəvi cəhətdən sağlam olur. Bizə isə sağlam gənclər, sağlam millət, sağlam yeni nəsil lazımdır.

Məhz idmanın kütləviliyini təmin etmək üçün Milli Olimpiya Komitəsinin qərarına əsasən, Azərbaycanın müxtəlif bölgələrində dünya standartlarına cavab verən müasir idman kompleksləri tikilir və bundan sonra da tikiləcəkdir.

(Azərbaycan MOK-un prezidenti İlham Əliyevin Naxçıvanda Olimpiya idman kompleksinin açılışında çıxışından)

- Və sizi eşitdilər...

- Bəli, təbii ki, bizi eşitdilər. İkincisi: etiraf edildi ki, respublikamızda idmanın maddi-texniki bazası kifayət qədər deyildir. İdman salonları, adicə şərait yoxdur. Ona görə də İcraiyyə Komitəsinin elə ilk iclasında Olimpiya Komitəsinin, özü də təkcə onun yox, həm də bütün idmanın maddi-texniki bazasını möhkəmlətmək qərara alındı. Odur ki, bu istiqamətdə işləməyə başladıq. Biz 1997-ci ildə fikirləşdik, elə etmək lazımdır ki, Olimpiya Komitəsinin, hər halda, işləməyə başladığını hamı görsün. Qərara aldıq ki, gəlin, bir yeni idman kompleksi tikək. Birini tikdik. Aydındır ki, biri ilə kifayətlənmək olmazdı. Daha üçünü müəyyənləşdirdik. Sonra Olimpiya Komitəsinin yeni ofisini tikdik. İndi isə artıq Azərbaycanın daha 6-7 regionunda, iri şəhərində idman kompleksləri yaradılmasını nəzərdə tutan proqram var.

- Konkret olaraq harada?

- Biz Bakıda idman obyektləri tikməyə başladıq. İndi isə Naxçıvanda iki salonlu əla kompleks istifadəyə verilmişdir. Daha bir kompleks əhəmiyyətinə görə ikinci şəhər olan Gəncədə açılmağa hazırdır. Şəki şəhərində, Bərdədə... tikinti işləri başa çatmaqdadır, lazımi avadanlıq quraşdırılır və yaxın vaxtlarda orada da bu cür bazalar açılacaqdır...

- Bu komplekslər hamının üzünə açıq olacaq?

- Maksimum dərəcədə. Bütün bunlar ilk növbədə idmana maraq göstərənlərin hamısı üçün nəzərdə tutulmuşdur. Zənnimcə, bu obyektlər gənclərin yeni nəsli üçün müəyyən cazibə və mədəniyyət mərkəzlərinə çevrilməlidir.

- Son illər ölkənizdə beynəlxalq səviyyəli turnirlər - sərbəst güləş, boks üzrə Avropa çempionatları...keçirilir. Beynəlxalq ekspertlər Azərbaycanda idman infrastrukturunun inkişaf səviyyəsini necə qiymətləndirirlər?

- Çox yüksək. 1997-ci ildə biz Azərbaycanda Avropa çempionatı deyil, bu və ya digər adi bir yarışı, turniri keçirməyi təklif edəndə, buna şübhə ilə yanaşırdılar. İlk sual da belə olurdu: Bəs sizdəki münaqişə, axı, sizdə müharibə gedir və s. Ona görə də razılıq vermirdilər. İndi isə məmnuniyyətlə gəlirlər və hər ay hansısa turnir, hansısa tədbir keçirilir.

- Beynəlxalq səviyyəli turnirlər, bir qayda olaraq, Bakıda keçirilir. Bəs başqa şəhərlərdəki bazalar necə?

- Sualınıza görə sağ olun. Bizdə bu gün hətta respublika çempionatları da ancaq Bakıda keçirilir. Bax, buna görə də indi biz yeni bazaların tikintisi, yaradılması ilə ciddi məşğuluq ki, heç olmasa, respublika çempionatlarını digər yerlərdə də keçirək.

- Lütfən deyin, Olimpiya oyunlarının Azərbaycanda keçirilməsi xülyadır?

- Belə deyə bilərəm: Azərbaycanda yaxın gələcəkdə belə oyunların keçirilməsi nəzərdə tutulmur. Lakin mövcud 12 iqlim qurşağından 9-nun bizdə olduğunu nəzərə alsaq, ola bilsin, növbə nə vaxtsa bizə də gəlib çatacaqdır. Amma hansısa kiçik Olimpiya oyunları Azərbaycanda bəlkə də keçirilsin. Demək istəyirəm ki, biz BOK-un diqqətindən kənarda deyilik. Yeri gəlmişkən, Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası ötən il aprelin 6-da məhz burada, ölkəmizin Olimpiya Komitəsinin yeni ofisində keçirilmişdir. Roqqun AOK-un prezidenti vəzifəsinə namizədliyi də həmin tarixi iclasda irəli sürülmüşdür. İcraiyyə Komitəsinin iclasları adətən İtaliya, Belçika, Almaniya, Rusiya kimi ölkələrdə keçirilir. Bu, İcraiyyə Komitəsinin Bakıda, Azərbaycanda keçirilən ilk iclası idi. İndi biz Beynəlxalq Olimpiya Komitəsinin 2005-ci il sessiyasının Bakıda keçirilməsini təklif etmək niyyətindəyik. Hər il bir sessiya keçirilir. 2004-cü ildə o, Afinada Olimpiya oyunları zamanı olacaqdır. Biz Olimpiya oyunlarını hələlik keçirə bilmərik, amma, heç olmasa, Beynəlxalq Olimpiya Komitəsinin sessiyasını keçirməyə qadirik.

ONLARI RESPUBLİKADA HAMI TANIYIR

İdmanın hər növünün öz liderləri var. Bu siyahını

yəqin ki, artırmaq da olardı. Biz Azərbaycanın görkəmli

idmançılarının rəmzi “qızıl siyahı”sını veririk.

Onlardan bəziləri haqqında sonrakı səhifədə yazılar

təqdim edilmişdir.

İnna Rıskal, Vera Lantratova, Şamil Şamxalov (voleybol); Rəfiqə Şabanova, Lyudmila Şubina (həndbol); Rəşid Məmmədbəyov (sərbəst güləş); Nazim Hüseynov (cüdo); Xəzər İsayev (sərbəst güləş); Ceyhun Məmmədov (sambo); İbrahimpaşa Dadaşov (sərbəst güləş); Rafiq Hacıyev (sərbəst güləş); Əhəd Əliyev (yunan-Roma güləşi/, Namiq Abdullayev (sərbəst güləş); Zülfiyyə Hüseynova (cüdo-sambo); Oqtay Ağayev, Həsən Ələkbərov (voleybol); İlham Ağayev (basketbol); Abbas Ağalarov, Rövşən Hüseynov (boks); Füzuli Musayev, Ülvi Quliyev (karate); Zemfira Meftahəddinova, Valeri Timoxin (stend atıcılığı); İradə Haşımova (tapançadan atəşaçma); Valentina Popova (stolüstü tennis); Karalina Mirzəyeva, İlqar Məmmədov (qılıncoynatma); Aynur Sofiyeva, Füruzə Vəlixanlı, İlahə Qədimova (şahmat); Yuri Konovalov, Aleksandr Kornelyuk (yüngül atletika); Anatoli Banişevski, Kazbek Tuayev, Ələkbər Məmmədov, İqor Ponomaryov, Aleksandr Mixaylevski (futbol); Valentina Syupa, Yaqut Əliyeva, Ellada Şərafəddinova (badminton); Ziba Ələsgərova (yüngül atletika); Züleyxa Hacıyeva (bədii gimnastika); Zeynəb Rzayeva, Valeri Belenki (idman gimnastikası); Nadejda Karpuxina (suyatullanma); Yelena Quseva, Larisa Savkina (həndbol); Tatyana Kurnikova (üzgüçülük); Yevgeniya Biryukova, Sergey Lixaçov (tennis); Rizvan Həsənov, Cəbrayıl Cəbrayılov (ağır atletika); Məhyəddin Allahverdiyev (yunan-Roma güləşi).

İDMAN MƏKTƏBLƏRİ HAQQINDA MƏLUMAT

Cəmi - 191. Təhsil Nazirliyinin tərkibində - 85. Şahmat məktəbləri - 51. 2001-ci ildə bu bitirənlərin sayı - 6455 nəfər.

YERİ GƏLMİŞKƏN

Azərbaycan Sidney Olimpiadasında iki qızıl, bir bürünc medal qazanaraq, 199 ölkə arasında 34-cü yeri tutmuşdur.

ÖTƏN İLLƏR ONUN SƏRVƏTİDİR

AĞIR ATLET NİZAMİ PAŞAYEV ÖZ ÇƏKİSİNDƏ ŞƏKSİZ LİDERLİK İDDİASINDADIR

Azərbaycanın ağır atletika məktəbi son illər xeyli tərəqqiyə nail olmuşdur. Bu, xeyli dərəcədə ötən ili zəfərlə başa vurmuş Nizami Paşayevin xidmətidir.

Hələ bu yaxınlaradək komanda ən iri qitə yarışlarında, yumşaq desək, heç də seçilmirdi. Doğrudur, ayrı-ayrı uğurlar olurdu, lakin onlar yalnız epizodik xarakter daşıyırdı. 1998-ci ilin dünya çempionatını xatırlamaq kifayətdir, o zaman Asif Məlikov gümüş mükafata layiq görülmüşdü. Sabit uğurlar isə yox idi. Bu uğurlar yalnız surətlə say- seçmə ağırlıqqaldıranlar sırasına daxil olan 20 yaşlı Nizaminin ylğma komandaya gəlməsi ilə başlandı. 2001-ci ildə Trençində keçirilən Avropa çempionatı Azərbaycan üçün əlamətdar oldu. Bu çempionatda Nizami 94 kiloqramadək çəki dərəcəsində qızıl medala layiq görüldü. Komanda isə medalların tam dəstini qazandı: Elxan Süleymanov /62kq/ ikinci, Turan Mirzəyev isə /69kq/ üçüncü yeri tutdular. Atletlər, əslində, yüzfaizli nəticəyə nail oldular -axı, Slovakiyada respublikanı üç ağır atlet təmsil edirdi. Bu qələbə ilə onlar liderlər - Rusiya, Yunanıstan,Türkiyə, Bolqarıstan idmançılarının mübarizəsinə müdaxilə edərək, o vaxta qədər yaranmış qüvvələr nisbətini pozdular.

Paşayevin özü etiraf edirdi ki, medallardan birini əldə etmək ümidində olsa da, belə uğur qalzanacağını gözləmirdi. Buna baxmayaraq, idmançıların qələbəsini təsadüfü hesab etmək olmaz. Üç medal- bu, artıq öz sözünü deməkdir. Nizami Paşayevin qızıl medalını xüsusi qeyd etmək lazımdır, axı o, öz çəkisində Bolqarıstan idmançısı Nikola Stoyanovu arxada qoydu.

Avropa çempionu o zaman əldə etdiyi nailiyyətlə arxayınlaşmamağı və yaxın gələcəkdə bu nəticəni daha da yaxşılaşdırmağı vəd edirdi. İzmirdə keçirilmiş dünya çempionatında idmançı etimadı doğruldaraq ikinci yeri tutdu. Türkiyədəki yarış ərəfəsində Nizami gənclər arasında dünya çempionatının mütləq qalibi olmuşdu. Paşayev ilk dəfə deyildi ki, həmyaşıdları arasında birinci yer tuturdu, bundan əvvəl o, artıq dünya çempionu, qitə birinciliyinin mükafatçısı olmuşdu. İdmançı üçün ilk ciddi sınaq isə Sidney Olimpiadası oldu. Bu Olimpiadada o, özünü heç də pis göstərmədi. Lakin Oyunların gedişində çiynindən aldığı zədə Nizamiyə bütün imkanlarından istifadə etməyə imkan vermədi. Axırıncı qitə çempionatında Paşayev öz titulunu qoruya bilmədi, lakin ikinci yer də çox qiymətli idi.

Nizaminin gözəl fiziki və texniki hazırlığı onu medallara əsas iddiaçılar sırasına çıxarır. Öz çəki dərəcəsində əsl lider olmaq üçün onun əla imkanları var. Bunu demək kifayətdir ki, Paşayev dəfələrlə dünya çempionu olmuş rusiyalı Aleksey Petrovla, Yunanıstan komandasının heyətində çıxış edən olimpiya çempionu Akakios Kaxiaşvilislə rəqabət aparır. Nizaminin rəqibləri xeyli təcrübəli olsalar da, onun, şəksiz bir üstünlüyü var - yaşca onlardan kiçikdir. İndi Paşayev tədricən ən böyük arzusuna çatmağa yaxınlaşır - Afinada keçiriləcək Olimpiya oyunlarına az vaxt qalır.

MÜBARİZƏ HƏLƏ DAVAM EDİR

ZEMFİRA MEFTAHƏDDİNOVA ÖZÜNÜN İKİNCİ YAY OYUNLARINA HAZIRLAŞIR

“Bizim stendimiz yoxdur, amma olimpiya çempionumuz var”. Stend atıcılığı yarışlarında böyük uğurlar qazanmış Zemfira Meftahəddinovadan danışanda bu ifadəni tez-tez işlədirlər. İndiyə qədər o, hər bir idmançının arzusunda olduğu bütün medalları qazanmışdır.

Azarkeşlər onun uğurlarına artıq adət etmişlər, lakin bütün bunlar Zemfiranın qələbələrini heç də dəyərdən salmır. Zemfira Azərbaycan üçün 2004-cü ildə keçiriləcək yay olimpiya oyunlarına vəsiqə qazanmış ilk idmançıdır. Bu, ötən il Misirdə keçirilmiş dünya çempionatında baş verdi. Zemfira bu yarışda birinci yer tutdu. Yığma komandanın məşqçisi Hafiz Cəfərov çempionatdan qayıtdıqdan sonra bildirdi ki, Zemfira “təkrar atışmada” Olqa Panarinanın müqavimətini qırmaqla əsl kişi xarakteri nümayiş etdirdi. Boşa çıxan ilk atəşədək davam edən qiyabi dueldə psixoloji təzyiqə tab gətirməyən Rusiya idmançısının əli əsdi.

Zemfira bu yarışlar barədə deyir: “Düzünə qalsa, Misir paytaxtında bir neçə il bundan əvvəl dünya rekordu qazansam da, çempionat başlamazdan əvvəl böyük həyəcan keçirirdim. Axı, o zaman bu lokal qələbəyə baxmayaraq, mükafata layiq yer tuta bilməmişdim. Ancaq mən öz qüvvəmə inanırdım və dünyanın hər yerində sərrast atəş aça bildiyimi bir neçə dəfə sübut etmişdim. Bu dəfə də belə oldu”. İndi - dördilliyin baş turnirinə bir neçə il qalmış Meftahəddinova özünü rahat hiss edə və oimpiadaya planlı surətdə hazırlaşa bilər.

Bununla belə, onun Sidney Olimpiadasına “yürüşü” o qədər hamar olmadı. Bütün seçmə turnirlərində bəxti gətirmirdi, idmançı arzusuna çatmağın bir addımlığında dayanmalı olurdu. Lakin onun azarkeşləri naümid qalmadılar, idmançının yüksək reytinqi Yaşıl qitəyə buraxılış vərəqəsi oldu. Zemfira sübut etdi ki, Avstraliyada o, müşahidəçi olmaq fikrində deyildir. O, tezliklə liderliyi ələ alaraq, sonuncu atəşə qədər onu əldən buraxmadı. Nəticədə, Azərbaycan üçün ilk olimpiya mükafatı - qızıl medal qazandı. Olimpiadada üçüncü yeri tutmuş boksçu Vüqar Ələkbərov, fəxri kürsünün ən yüksək pilləsinə qalmış sərbəst güləşçi Namiq Abdullayev Zemfiranın bu uğurunu davam etdirdilər.

Bakıda isə 15 hektar sahəsi olan atıçılıq kompleksinin inşasına başlanmışdır. Stend atıcılığı respublikanın əsas idman növlərindən birinə çevrilmişdir. Bu yaxınlarda “Peratsi” firması Zemfiraya yeni tüfəng hədiyyə etmişdir. İndi ona öyrəşmək və olimpiadada çıxışa hazırlamaq lazımdır. Zemfira deyir: “Qələbə qüvvəni ikiqat artırır, özünə inamı gücləndirir. Bu, qanunauyğundur. Hərçənd, olimpiya çempionu adının məsuliyyəti ağırdır. Mən bunu hər yarışda hiss edirəm. Lakin titul tarixdə qalmışdır, indi hər şeyi “sıfırdan” başlamaq, rəqabətə qadir olduğumu yenidən sübut etmək lazımdır”.

ƏLAHƏZRƏT QƏLƏBƏ VƏ SABİTLİK

CÜDOÇU ELÇİN İSMAYILOV UĞUR QAZANMAĞIN SİRRİNİ TAPMIŞDIR

Həmişə sabit formadadır. Avropa birinciliyinin üç mükafatçısı arasında özünə həmişəlik yer eləmiş cüdoçu Elçin İsmayılovu məhz belə xarakterizə etmək olar. O, iki il dalbadal çempion adına layiq görülmüş, bu mövsümdə isə finalda yalnız Fransa idmançısı Yasin Dumaya məğlub olmuşdur.

Elçin İsmayılov təşəbbüsü ələ alan və ən çətin vəziyyətlərdə özünü itirməyən idmançılardandır. Ötən il Parisdə keçirilmiş Avropa birinciliyində görüşlərin əksəriyyətində itirdiyi xalların əvəzini çıxmalı olmuşdur. Lakin bu, ona finalda yerli idmançı Sirrill Soye üzərində təmiz qələbə çalmağa mane olmamışdır. Ümumiyyətlə, yüngül çəki dərəcələrində idmançılar çox çevik, sürətlə güləşirlər, buna görə də çempion adını qoruyub saxlamaq asan deyildir. Lakin Elçin buna nail olur, o, diqqət mərkəzində olmağa artıq adət etmişdir. 20 yaşlı Elçin hələ 1995-ci ildə Türkiyədə beynəlxalq turnirin qalibi olmuşdur, sonra isə qitə birinciliyində bir-birinin ardınca qələbələr qazanmışdır. 1999-cu ildə Vrotslavda Avropa çempionatında gözlənilmədən qalib gəlmiş, bu isə ona olimpiadaya vəsiqə almağa imkan vermişdir. Doğrudur, yay olimpiya oyunlarında Elçin dörddə bir finalda məğlub olaraq, medaldan əlini üzdü. Lakin həmin məqam yalnız xoşagəlməz bir epizod kimi yadda qaldı, çünki sonrakı çıxışları ilə sübut etdi ki, onun Vrotslavdakı qələbəsi qanunauyğun idi. İsmayılov indi yığma komandanın liderlərindən biridir və onun heyətində öz nailiyyətlərini artırmaq niyyətindədir.

- Elçin, sən artıq 60 kiloqram çəki dərəcəsində tanınmış lidersən. Bəs, sən özünü belə hesab edirsənmi?

- Bütövlükdə, bəli. Hərçənd şəxsi rəqabət gedir, özü də ilk növbədə Köhnə Dünyadan olan idmançılar arasında. Mən hələ Yaponiyadan olan rəqibləri demirəm.

- Sən cüdoya necə gəldin?

-Əvvəlcə, əmim məni futbol bölməsinə apardı, orada bir ilə yaxın məşğul oldum. Lakin sonra məni tək növçülükdə yoxlamaq qərarına gəldilər. Bax, mənim karyeram belə başladı.

-Cüdoda səni cəlb edən nədir?

-Bu, idmanın çox gözəl növüdür. Ələlxüsus da yarışlardakı gərginliyi müşahidə edəndə az qalır həyəcandan ürəyin dayansın.

-Bəs, tatami üzərində olanda necə?

-Həyatını idmanla bağlamış insan başa düşməlidir ki, o, peşəkar olur. Həvəskar idmançılar ilk növbədə öz sağlamlıqları üçün məşğul olurlar, bizdə isə tamamilə başqa cürdür. Bütün uğurlar böyük zəhmət, gündəlik məşqlər sayəsində qazanılır. Elə vaxt olur ki, gündə iyirmi dəfə güləşməli olursan.

-Sən elə idmançısan ki, səndən daim medal gözləyirlər. Bu, psixoloji cəhətdən təsir göstərmirmi?

-Beynəlxalq yarışlarda ilk addımlar atanda rəqiblərin səni ciddi qəbul etmirlər, görüşə məxsusi hazırlaşmırlar. Atlet çempion olanda isə, başqa məsələ - onunla yarışa xüsusi hazırlıq görülür. Buna görə də “Ad qazanmaq onu qoruyub saxlamaqdan asandır” məşhur kəlamı özünü doğruldur. Məsələn, bu yaxınlarda Mariborda keçirilmiş Avropa çempionatında çoxları birinci yer tutacağımı gözləyirdi. Lakin mən finalda məğlub oldum. Nə edəsən, idman belədir.

-Yeri gəlmişkən, öz üslubuna bir yenilik gətirmək, məsələn, Asiya güləş tərzini mənimsəmək arzusunda olmusanmı?

-Bu mövsümdə biz Yaponiyaya təlim-məşq toplanışına getmişdik. Orada çox şey öyrəndik. Yaponiyada idmançıların hazırlığında texnikaya böyük diqqət yetirilir. Bizdə isə əsas diqqət dözümlülüyə verilir.

-Qələbə qazanmaq üçün əsas nə lazımdır - ruh yüksəkliyi, ustalıq, qəlbəyə olan inam?

-Bunların hamısı birlikdə lazımdır, lakin ən əsası sonuncu amildir. Məsələn, səndə ustalıq var, lakin mübarizə ruhu zəifdir. Yaxud, ustalığın var, lakin qələbəyə inamın yoxdur. Buna görə də qələbəyə olan inam hərəkətverici qüvvə olmalıdır.

-İndi qarşında hansı vəzifə qoymusan?

-İki dəfə Avropa birinciliyinin qalibi olmuşam, ancaq bir dəfə də dünya çempionu olmamışam. Buna görə də növbəti birincilik Yaponiyada keçirilsə də, bu, mənim üçün əsas vəzifədir.

ŞAHMAT TACI MƏNƏ YARAŞIR

GƏNC QROSSMEYSTER TEYMUR RƏCƏBOV BELƏ HESAB EDİR

Şahmat üzrə gələcək dünya çempionu Bakıda yetişir. Bəli, planetin ən gənc qrossmeysteri Teymur Rəcəbovdan söhbət düşəndə belə deyirlər. Teymur Rəcəbov 15 yaşında başqalarının uzun illər sərf etdiyi uğura çata bilmişdir.

İndi bu idmançı şahmat ulduzlarının dəstəsində özünə yer tutmuşdur, müxtəlif iri turnirlərə onu məmnuniyyətlə dəvət edirlər. Rəcəbovun şahmatda belə yüksəlişinin əsası hələ uşaq yaşlarında, o, qitə birinciliyində iştirak edərkən qoyulmuşdu. O, üç dəfə dalbadal bu yarışlarda qalib gəlmişdir. Özü də üçüncü qələbə daha yaddaqalan oldu: Teymur özündən xeyli yaşlı idmançılarla yarışmaq qərarına gəldi və onları məğlub etdi. Yeniyetmələr arasında dünya birinciliyində də fərqlənərək, qızıl medal qazandı.

Bir sözlə, öz tay-tuşları arasında yaşına uyğun olmayan kamil oyunu ilə fərqləndi. Bax, elə onda da öz qüvvəsini yaşlılar səviyyəsində yoxlamaq vaxtı gəlib yetişdi. Bəzi mütəxəssislər onun bu addımının düzgünlüyünə şübhə edirdilər. Lakin idmançı onları qeyri-adi nailiyyətləri ilə özü barədə başqa cür düşünməyə vadar etdi. Veyk-an-Zeydə, Buenos-Ayresdə və Pamplonda keçirilən yarışlarda böyük uğur qazandı. Argentinada Anatoli Karpov, Yudit Polqar, Naycel Şort, Viktor Korçnoy və Se Szyunun iştirak etdikləri yarışı xüsusi qeyd etmək lazımdır. Gənc şahmatçı belə güclü rəqiblərindən çəkinməyərək, bir dəfə də məğlub olmadı. Onu da deyək ki, gənc şahmatçı sonuncu üç oyunu yarışlarda qalib adına əsas namizədlər olan Karpov, Korçnoy və Polqarla keçirdi. Nəticədə, Rəcəbov yarışların qalibi olmuş Karpovdan cəmi 0,5 xal geri qalaraq, ikinci yeri tutdu. İndi yəqin az-az adamın yadındadır ki, Anatoli Karpovun Bakıya səfəri zamanı keçirdiyi məşq görüşündə onu məhz Rəcəbov məğlubiyyətə uğratmışdı. Onda bu qələbəni sensasiya kimi qarşıladılar, amma zaman göstərdi ki, bu, gənc istedadın qədəm qoyduğu böyük yolun ancaq başlanğıcıdır. Bəs Teymur özü uğurları barədə nə düşünür?

- Sən Karpov, Kasparov, Korçnoy kimi məşhur ustalarla üz-üzə gəldin. Bu ulduzlar arasında özünü rahat hiss edirsənmi?

- Hələlik o qədər də yox. Amma yavaş-yavaş öyrəşirəm. Mənə elə gəlir ki, bu mühitə artıq tədricən uyğunlaşıram. İnanmıram ki, buna çox vaxt gedəcəkdir. Bəlkə də bir il, iki il vaxt lazım olacaqdır.

-Hansı şahmatçı ilə görüş sənə daha çox təsir bağışlamışdır?

-Argentinada görkəmli şahmatçılar Viktor Koçnoyla və Anatoli Karpovla. Əlbəttə ki, Moskvada Qran-pri yarışlarının finalında planetin 1 nömrəli şahmatçısı Harri Kasparovla.

-Öz oyununda, ilk növbədə, nəyi təkmilləşdirmək istərdin?

-Oyunu daha dərindən dərk etməyi, yəni müxtəlif şahmat mövqelərinə daha yetkin nüfuz etməyi öyrənmək istərdim.

-Səncə müasir şahmatın inkişafının başlıca xüsusiyyəti nədədir?

-Onun dinamikliyində. İndi şahmatda hər şeyi ən yüksək səviyyədə etməyi bacarmaq lazımdır. Özü də bunu çox sürətlə etmək lazımdır. Əvvəlki qrossmeysterlər nəslinin illərlə, hətta bəzən ömrü boyu anlamağa çalışdıqları şeylər indi qat-qat tez qavranılır.

-Yüksək səviyyədə uğurla çıxış etmək üçün usta Şahmatçı hansı əsas keyfiyyətlərə malik olmalıdır?

-Əla nəzəri və praktiki hazırlıq, bir də ki, yaxşı psixoloji-fiziki hazırlıq.

-Sənin üçün “ideal şahmatçı” anlayışı varmı? Əgər varsa, bunu kimin barəsində demək olar?

-Mənə belə gəlir ki, dünyada ideal heç nə yoxdur. Əgər belədirsə, onda prinsipcə, ideal şahmatçı da ola bilməz.

-Qarşıdakı mövsumdə öz qarşına nə kimi məqsəd qoymusan?

-Sadəcə olaraq, şahmat üzərində işləmək. Əldə etdiyim nəticələr isə məni tamamilə qane edir. Hərçənd, məncə, bundan daha yaxşı ola bilərdi.

-Moskvada FİDE-nin Qran-pri yarışlarından sonra keçirilmiş mətbuat konfransında Kasparov dedi ki, gələcək Rəcəbov və Ponomaryov kimi şahmatçılarındır. Sən özünü şahmat kralı rolunda görürsənmi?

-Əlbəttə, bəzən xəyalən şahmat tacını başıma qoyuram. Başımda çox rahat dayanır və heç də pis görünmür.

MÜƏMMALI RƏQİB

TAEKVONDO ÜZRƏ DÜNYA ÇEMPİONU NİYAMƏDDİN PAŞAYEV QEYRİ-ADİ TEXNİKASI İLƏ FƏRQLƏNİR

Azərbaycanın taekvonda məktəbi beynəlxalq miqyasda əsl gurultu qopardır. Qısa müddət ərzində komanda ən yüksək yerlər uğrunda mübarizə aparmaq qabiliyyətinə malik olan əzmkar kollektivə çevrilmişdir. Niyaməddin Paşayevin qızıl medal qazandığı sonuncu dünya çempionatı bunu sübut edir.

Idmançı haqlı olaraq komandanın liderlərindən biri sayılır. Neçə-neçə tanınmış ustanı ona hörmətlə yanaşmağa vadar etmişdir. Niyaməddin Paşayev ilk ciddi mükafatını - bürünc medalı hələ iki il bundan əvvəl Yunanıstanda keçirilən Avropa çempionatında qazanmışdır. Lakin 2001-ci il gənc atlet üçün əsl uğur ili oldu, özü də əlamətdar hadisələr ayrı yerdə yox, Koreya yarımadasında baş verdi. Dünya çempionatı ərəfəsində orada Cənubi Koreyanın Açıq çempionatı keçirildi. Azərbaycan ustaları bu çempionatda özlərini yaxşı cəhətdən göstərdilər. Niyaməddin isə üçüncü yeri tutaraq, Cencada keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazandı.

Bax, elə həmin bu şəhərdə yəqin ki, mütəxəssislərdən heç birinin gözləmədiyi hadisə baş verdi. Paşayev kifayət qədər çətin yarımqrupda çıxış edirdi, lakin artıq elə birinci döyüşdə yunanıstanlı rəqibinin öhdəsindən inamla gəldi (7:1). Sonra Avstriya, İsrail və Kipr idmançılarına da qalib gələrək yarımfinala çıxdı. Burada onun rəqibi Dominikan Respublikasının nümayəndəsi idi.

Milli Federasiyanın birinci vitse-prezidenti Füzuli Musayev bu barədə deyir: “Mən belə hesab edirəm ki, bu, yarışın ən güclü döyüşü oldu. Çempionatda cəmi bir nokaut qeydə alındı ki, onun da müəllifi Niyaməddin oldu”. İndi isə bu barədə daha ətraflı. Görüşün birinci raundu Azərbaycan taekvondçusunun qələbəsi ilə başa çatdı, lakin sonra rəqibi ona gəlib çatdı. Görüşün sonuna qırx beş saniyə qalırdı, bu saniyələr Dominikan idmançısını qələbəyə yaxınlaşdırırdı. Elə bu zaman Niyaməddin özünün şah fəndini işlədərək, yuxarı tullanıb ayağı ilə rəqibinin başına zərbə endirdi. Rəqibi artıq döyüşü davam etdirə bilmədi. Paşayev təmiz qələbə qazandı.

Final da idmançımız üçün asan olmadı. Bunu demək kifayətdir ki, azərbaycanlı atlet və onun italiyalı rəqibi bərabər səviyyədə döyüşürdülər və görüşün başa çatmasına 15 saniyə qalmış hesab 7:7 idi. Bu zaman Niyaməddin həlledici fənd işlədərək qələbə xalı qazandı. Niyaməddin MDB ölkələrindən olan idmançılar arasında taekvondo üzrə ilk dünya çempionu oldu. Bu faktın özü atletin bu uğurunun əhəmiyyətini sübut edir. Özü də son illərdən etibarən belə yarışlarda iştirak etməyə başlamış seçmə komanda sensasiyalı uğura nail oldu. Məsələn, ABŞ komandası ilk dəfə ötən il qızıl medal almışdır, halbuki, bu komanda son iyirmi səkkiz il ərzində bu çempionatlarda iştirak edir.

Paşayevin uğur qazanmasının əsas səbəblərindən biri onun qeyri-adi texnikasıdır. O, müəmmalı rəqibdir, heç kim onun hansı hərəkət edəcəyini başa düşə bilmir. Üstəlik, Niyaməddin eyni ustalıqla həm soldan, həm də sağdan hücum edə bilir ki, bu da onun müxtəlif yarışların aparıcı iştirakçılarından biri edir.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov deyir: Paşayevin qələbəsi ilə təkcə Azərbaycanda yox, keçmiş İttifaqın digər ölkələrində də fəxr etməlidirlər. Özü də biz indi MDB ölkələri taekvondo federasiyaları prezidentlərinin İttifaqını yaratmağa nail olmuşuq. Taekvondo fəlsəfəsi sağlam bədən və dərin zəkaya başlıca əhəmiyyət verir. O, dinindən və xarakterinin xüsusiyyətlərindən asılı olmayaraq, hamı üçündür. Taekvondo fəlsəfəsi insana təbiətlə ünsiyyətə girməyi, yüksək mənəvi dəyərlərə əməl etməyi öyrədir.

O, HƏMİŞƏ LİDERDİR

OLİMPİYA ÇEMPİONU NAMİQ ABDULLAYEVİN FƏTH ETMƏQİYİ BİRCƏ ZİRVƏ QALIR

Namiq Abdullayev Azərbaycan idmanının canlı əfsanəsidir. Ona cəsarətlə abidə qoymaq olar, çünki o, qazandığı uğurlarla buna layiqdir. Sidney Olimpiadasının çempionu, 1996-cı il Atlanta Olimpiadasının gümüş mükafatçısı - nəticələr sözdən daha çox şey deyir. Lakin sərbəst güləşçi qazandığı uğurlarla kifayətlənmir.

Olimpiya zəfərinə gedən yol çox çətin oldu. Axı, dördilliyin baş turnirində mübarizə necə asan ola bilərdi? Azərbaycan pəhləvanı beynəlxalq aləmdə Avstraliyada qazandığı zəfərdən hələ çox-çox əvvəl tanınmışdı. 1990-cı illərin ortalarında Avropa çempionatlarında qazandığı və idmançının vizit vərəqinə çevrilmiş iki qızıl medalı xatırlatmaq kifayətdir. Lakin , əlbəttə, hər bir idmançının arzusu olimpiya oyunlarında iştirak etməkdir. Bəziləri özlərinin yarışlarda iştirakını “Başlıcası qələbə deyil, iştirak etməkdir” şüarı ilə məhdudlaşdırır, digərləri isə mükafat uğrunda əsl mübarizə aparırlar.

Abdullayev sonunculardan, ancaq qələbə uğrunda mübarizə aparan idmançılardandır. Sərbəst güləşçi hələ Atlantada finala çıxaraq, ən yüksək mükafatı az qala qazanacaqdı. 54 kiloqram çəki dərəcəsində həlledici görüşdə bolqarıstanlı İordanovun kürəyini yerə vurmaq üçün onun gözəl imkanları var idi, lakin bunu etmək qismət olmadı. Həmin görüş Azərbaycan idmansevərlərinin yaddaşından uzun müddət silinmədi - rəqib qələbə fəndini xalçadan kənarda işlətsə də, hakim bunu hesaba aldı. Lakin Azərbaycan pəhləvanı mənəvi qələbə qazandı. Vətəndə onu qəhrəman kimi qarşıladılar.

Namiqdən danışarkən, onun doğma qardaşı Arifi xatırlamamaq ədalətsizlik olardı. Məhz bu ailə dueti ölkənin sərbəst güləşçilər məktəbinin daxılına qitə çempionatlarında hamıdan çox medal gətirmişdir. Məsələn, Arif bir neçə dəfə, o cümlədən Bakıda keçirilmiş son yarışda üçüncü yer tutmuşdur. Buna baxmayaraq, yığma komandanın əsl lideri, sözün əsl mənasında, bayraqdarı məhz Namiqdir. Avstraliyada Oyunların açılış mərasimində milli bayrağımızı aparmaq da məhz ona etibar edilmişdi. Yarış bu suala cavab verməliydi:” Pəhləvan yenidən finala çıxmağa və Atlanta “gümüş”ünə Sidney “qızıl”ını əlavə etməyə qadirdirmi?” Bütün ölkə ondan qızıl medal gözləyirdi. Sərbəst güləşçi Atlantada edə bilmədiyini burada etdi. Finalda onun rəqibi ABŞ pəhləvanı Samuel Xenson idi. Azərbaycan pəhləvanının ustalığı və təcrübəsi öz işini gördü. Rəqibi isə uzun müddət, hətta fəxri kürsüyə çıxarkən göz yaşlarını saxlaya bilmədi. Abdullayev isə qazandığı uğurla bir daha sübut etdi ki, Atlantanın “gümüş”ü “qızıl” medala doğru atılan addım idi.

Lakin Olimpiadada qazandığı uğur Namiq üçün son məqsəd olmadı. O, Bakıya qayıdan kimi bildirdi ki, həyata keçməmiş yeganə arzusu qalır: “ Avropa çempionu olmuşam, yay Oyunlarının çempionu olmuşam, dünya çempionatında qalib gəlmək isə hələ nəsib olmayıb”. Lakin Nyu-Yorkda keçiriləcək dünya çempionatına getmək müyəssər olmadı - əvvəlcə məlum 11 sentyabr hadisələrindən sonra yarışları başqa vaxta keçirdilər, sonra isə məşqlərdə ciddi zədə aldı və bu, idmançıya mart ayında Bakıda keçirilmiş Avropa çempionatında da öz məharətini göstərməyə imkan vermədi. Burada o, komanda yoldaşlarına məşqçi kimi mənəvi dəstək verirdi. İndi komanda İranda keçiriləcək dünya çempionatına hazırlaşır, Namiq də onun tərkibindədir. Kim bilir, bəlkə də, onun böyük arzusu məhz Tehranda həyata keçəcək və pəhləvan daha bir zirvəni fəth edəcəkdir.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib

® Xəzərin Bilgəh sahili “Qırmızı Ürəklər” könüllülərinin iştirakı ilə tullantılardan təmizlənib

® “Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu

Mərkəzi Bankın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Tacikistana işgüzar səfəri başlayıb

Dövlət qulluğu vəzifələri üzrə imtahanın nəticələri açıqlanıb: 408 nəfər müsabiqə şərtini ödəyib