QAN YADDAŞI
Azərbaycan Turizm İnstitutunda “Tarixin ibrət dərsləri: Xocalı soyqırımı” mövzusunda “açıq dərs” olmuşdur
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş “Tarixin ibrət dərsləri: Xocalı soyqırımı” mövzusunda “açıq dərs” keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımını əks etdirən videoçarx nümayiş olunmuşdur.
“Açıq dərs”də bu ali təhsil ocağının kafedra müdiri, tarix elmləri namizədi İbrahim Əliyev və tarix elmləri doktoru Kərim Şükürov 20 il əvvəl Xocalıda törədilmiş faciənin tariximizə qanla yazıldığını, lakin məkrli siyasətin təxminən 300 ildir davam etdiyini bildirmişlər. Tarixə qısa ekskurs edən natiqlər Xocalı soyqırımını zaman-zaman baş verən qanlı və etnik təmizləmələrin daha dəhşətli yekunu kimi qiymətləndirmişlər.
Bildirilmişdir ki, yaxın vaxtlarda ATİ-nin profilinə uyğun olaraq “Soyqırımı marşrutları” tələbə klubu yaradılacaq və soyqırımı törədilmiş yerlərə ziyarət təşkil ediləcəkdir.
Digər çıxış edən müəllim və tələbələr də 20 il əvvəl erməni silahlı dəstələrinin qədim Xocalı şəhərində törətdikləri misli görünməmiş faciənin XX əsrin ən dəhşətli hadisəsi olmasından danışmış, qətliamlara öz münasibətlərini bildirmişlər.