AZƏRBAYCAN UŞAQ HÜQUQLARI İLƏ BAĞLI DAHA BİR KONVENSİYAYA QOŞULUR
AZƏRTAC xəbər verir ki, iclasda “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya qoşulmaq barədə qanun layihəsi müzakirə olunmuşdur.
Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli demişdir ki, Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə göndərilən sənəddə Azərbaycan bu Konvensiyaya müvafiq bəyanatla qoşulur. Bəyanatda deyilir ki, Konvensiyanın müvafiq maddələrinə uyğun olaraq Azərbaycan Respublikası bəyan edir ki, yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında övladlığa verilmiş uşaqlar Azərbaycan Respublikasının ərazisini tərk edə bilərlər. Azərbaycan Respublikası ərazisində adətən daimi yaşayan uşaqların övladlığa götürülməsi yalnız mərkəzi orqanın (Ədliyyə Nazirliyi) funksiyalarına uyğun olaraq yerinə yetirildiyi halda həyata keçirilə bilər.
Komissiya sədri onu da demişdir ki, 1998-ci ildən bu günə qədər 450 azərbaycanlı uşaq xarici vətəndaşlara övladlığa verilmişdir. Amma ölkəmiz müvafiq Konvensiyaya qoşulmadığı üçün həmin uşaqlar haqqında heç bir məlumat alınmamışdır. Azərbaycan bu sənədə qoşulduqdan sonra mərkəzi orqan xarici ölkə vətəndaşlarına övladlığa verilən azərbaycanlı uşaqların taleyi ilə maraqlana, onların hüquqlarını qoruya bilər. Bundan başqa, uşaqlar övladlığa götürüldükdən sonra özlərinin və ya daxili orqanlarının satılmasının, köçürülməsinin qarşısını almaq mümkün olacaqdır.
Müzakirələrdə bir sıra nazirliklərin, BMT-nin ölkəmizdəki daimi nümayəndəliyinin, eləcə də bir sıra beynəlxalq uşaq təşkilatlarının təmsilçiləri və rəhbərləri iştirak etmişlər.
Sonda layihəni Milli Məclisin müzakirəsinə çıxarmaq qərara alınmışdır.