Azərbaycan üzrə yeni soraq kitabçası işıq üzü görəcək
Moskva, 12 iyun, AZƏRTAC
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin Biznes-klubu növbəti onlayn-tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, onlayn-görüş “2020 - turizm sahəsi üçün böhran ili. Rusiya və Azərbaycanın böhran əleyhinə praktikaları” mövzusuna həsr edilib. İclası ənənəvi olaraq Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev açaraq, tədbirin keçirildiyi məkanın mühümlüyünü və müzakirənin mövzusunun aktuallığını vurğulayıb. Diskussiyanın moderatoru, Biznes-klubun icraçı direktoru Mariya Suvorovskaya qeyd edib ki, indi həm Rusiyanın, həm də Azərbaycanın qarşısında turizm sahəsini böhrandan çıxarmaq və postpandemiya dövründə turistlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ümumi məsələlər durur.
Dövlət Turizm Agentliyinin nümayəndəsi Sevinc Quliyeva pandemiya şəraitində Azərbaycanın turizm sənayesinin dəstəklənməsi tədbirləri barədə söhbət açıb. RF Ticarət-Sənaye Palatasının Sərgi, Yarmarka və Konqres Fəaliyyəti Departamentinin direktor müavini Viktoriya Kalinina həmin tədbirlərin Rusiya tərəfi ilə nə dərəcədə oxşarlığı məsələlərini təhlil edib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev bu tədbirlərin səmərəliliyi barədə fikirlərini bildirib.
“Mədəniyyətlərin dialoqu - Vahid dünya” xeyriyyə fondunun prezidenti, “Etnomir” etnoqrafiya parkının yaradıcısı Ruslan Bayramov, Rusiya Dövlət Turizm və Xidmət Universitetinin Ümumrusiya Turizm Təhsili Mərkəzinin direktoru Nadejda Jilkina və digərləri turizm sahəsinin böhranəleyhinə planını və xilasetmə vasitələrini təqdim ediblər.
Moskva vilayəti Ticarət-Sənaye Palatasının Çexov şöbəsinin rəhbəri Aleksey Kokorin yeni turizm brendlərinin formalaşmasından bəhs edib.
“Ayaks-Press” şirkətinin baş direktoru Yelena Petrova yaxın günlərdə Azərbaycan üzrə soraq kitabçasının çıxacağını anons edib. Bu kitabça həm çap, həm də elektron şəkildə əlçatan olacaq.
Azərbaycan Respublikasının RF-dəki Ticarət Nümayəndəliyinin müşaviri Sevinc Məmmədova diskussiyalara yekun vurub. 2020-ci ilin yeni turizm trendləri və turizm sahəsinin mövqeyinin dəyişdirilməsi ili olduğu qeyd edilib. İştirakçıların ümumi fikrinə görə, yaxın gələcəkdə daxili turizmin və lokal səfərlərin inkişafına diqqətin artırılması zəruridir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva