Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hüquq mühafizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Dubay, 4 aprel, AZƏRTAC
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq münasibətləri, xüsusilə iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub. Müzakirələr Azərbaycanın Dubay və Şimal Əmirliklərindəki baş konsulu Cavidan Hüseynovun Dubay Polisinin baş komandanı general-mayor Abdullah Xəlifə Əl-Mərri ilə görüşündə aparılıb.
Baş konsul ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. O, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid əl-Məktumun Azərbaycana rəsmi səfərini xatırladıb, ölkə rəhbərlikləri arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayıb.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu ifadə edən Abdullah Xəlifə Əl-Mərri bu əlaqələrin gündən-günə daha da inkişaf etdiyini bildirib, mövcud olan möhkəm münasibətlərin hər iki ölkə rəhbərliyinin xüsusi diqqət və əzmi sayəsində mümkün olduğunu qeyd edib. O, həmçinin Azərbaycanın və BƏƏ-nin hüquq mühafizə orqanları arasında əməkdaşlığın önəminə toxunaraq, daxili işlər naziri Ramil Usubovun BƏƏ-yə səfəri çərçivəsində onunla görüşünü xatırladıb.
Cavidan Hüseynov iki ölkənin hüquq mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini qeyd edərək, Abdullah Xəlifə Əl-Mərrinin münasib bir vaxtda Azərbaycana səfər etməsinin bu işə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Daha sonra baş konsul Dubay şəhərində yaşayan Azərbaycan vətəndaşları ilə bağlı məlumat verib və Dubayın azərbaycanlıların iş və turizm məqsədilə ən çox səfər etdiyi şəhərlərdən biri olduğunu diqqətə çatdırıb. O, Dubay Əmirliyində çoxlu sayda azərbaycanlının yaşadığını qeyd edərək, Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi istiqamətində Dubay polisinin səmərəli fəaliyyətini qeyd edib. Baş konsul Dubay polisinin bütün xarici ölkə vətəndaşlarının təhlükəsizliyi məsələsinə xüsusi diqqətlə yanaşdığını və bu qurumun fəaliyyəti nəticəsində Dubayın dünyanın ən təhlükəsiz şəhərlərindən birinə çevrildiyini söyləyib. O, həmçinin BƏƏ həbsxanalarındakı Azərbaycan vətəndaşlarının məsələsinə toxunaraq, belə şəxslərin sayının kəskin şəkildə azaldığını və cəmi bir nəfər olduğunu vurğulayıb, bunun Dubay polisi və baş konsulluq arasında səmərəli əməkdaşlığın göstəricisi olduğunu qeyd edib.
Dubay polisi ilə baş konsulluq arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edən Abdullah Xəlifə Əl-Mərri Dubayda yaşayan və ya səfərdə olan şəxslərin təhlükəsizliyinin ən yüksək şəkildə təmini üçün Dubay polisinin digər müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə hərəkət etdiyini bildirib.
Baş konsul Dubay polisinin tabeliyindəki müxtəlif idarələrin, o cümlədən İnsan Resursları Baş İdarəsi, İnsan Haqları Baş İdarəsi və Ümumi Keyfiyyət Baş İdarəsinin ofisləri ilə tanış olub.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay