AZƏRBAYCAN VƏ GÜRCÜSTAN PREZİDENTLƏRİNİN HƏDİYYƏLƏRİ SOYDAŞLARIMIZIN BALALARINI DAHA YAXŞI OXUMAĞA RUHLANDIRIR
Gürcüstandakı Azərbaycan məktəblərinin şagirdləri yeni dərs ilinə böyük ruh yüksəkliyi ilə başlayırlar. Soydaşlarımızın balalarının belə fərəhli hisslər keçirməsi, ilk növbədə, Azərbaycan Prezidenti Heydər Əliyevin onlara qayğı və diqqəti ilə bağlıdır.
Xəbər verdiyimiz kimi, dövlətimizin başçısının göstərişi ilə respublikamızın Təhsil Nazirliyi Gürcüstandakı Azərbaycan məktəblərinə 2002-2003-cü dərs ili üçün12 adda 30.855 nüsxə dərslik göndərmişdir. Uzərində “Bu dərslik Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin sizə hədiyyəsidir” sözləri yazılmış kitabları alan uşaqlar çox sevinmişlər. Müəllimlər demişlər ki, Azərbaycan rəhbəri 1994-cü ildən bəri məktəblərimizin dərsliklərlə təmin edilməsi qeydinə qalır və onun bu dəyərli hədiyyəsi də uşaqları sevindirməklə yanaşı, üzərlərinə böyük məsuliyyət qoyur. Onlar bu qayğıya ancaq yaxşı oxumaqla cavab verməlidirlər. Əminik ki, belə də olacaqdır.
Qeyd edək ki, dövlətimizin başçısının Gürcüstandakı Azərbaycan məktəblərinə qayğısı onların təkcə dərsliklərlə təmin olunması ilə bitmir. Onun göstərişi ilə Şəmkir rayon rəhbərliyi bu məktəblərin təmiri və imkansız müəllimlərə maddi yardım göstərilməsi üçün əlindən gələni əsirgəmir.
Gürcüstandakı Azərbaycan məktəbləri yeni dərs ili ərəfəsində daha bir şad xəbər aldılar. Prezident Eduard Şevardnadze öz həmvətənlərinin övladlarının layiqli təhsil alması üçün dostu və qardaşı cənab Heydər Əliyevin onlara qayğısını yüksək qiymətləndirmiş və o da öz hədiyyəsini etmişdir. Cənab Eduard Şevardnadzenin xüsusi sərəncamı ilə bu il Azərbaycan məktəblərinin birinci sinif şagirdləri gürcü dili dərsliyi ilə pulsuz təmin ediləcəklər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi