Azərbaycan və İtaliya alimlərinin birgə tədqiqatlarının nəticələri beynəlxalq jurnalda dərc olunub
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan və İtaliya alimlərinin həmmüəllifi olduqları “Mingəçevir su anbarı ərazisində (Azərbaycan) zaman ərzində suyun səviyyəsinin dəyişilməsi ilə seysmikliyin əlaqəsinin təhlili” adlı məqalə “Web of Science” beynəlxalq bazasına daxil olan “Journal of Seismology” nəşrində dərc edilib. Məqalənin həmmüəllifləri AMEA-nın Geologiya və Geofizika İnstitutunun Yer fizikası bölməsinin Müasir geodinamika və kosmik geodeziya şöbəsinin rəhbəri, akademik Fəxrəddin Qədirov, Seysmologiya və geomaqnetizm şöbəsinin rəhbəri vəzifəsini icra edən, dosent Qulam Babayev, aparıcı elmi işçi, dosent Rafiq Səfərov, eləcə də Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, şöbə müdiri, dosent Səbinə Kazımova, mütəxəssis Şirin İslamova və italiyalı professor Luçiano Teleskadır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqalədə “koreloqram əsaslı periodoqram analizi” üsulu tətbiq edilib, Mingəçevir su anbarı mərkəzindən 30 kilometr radiusda davamlı baş verən zəif və orta güclü zəlzələlərin səbəblərindən birinin su səviyyəsinin illik kəskin dəyişmələri olduğu göstərilib. Həmçinin bu təsirin dərinliyə və uzaqlığa görə dəyişmə qanunauyğunluqları araşdırılıb.
Tədqiqatlar AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurası (CNR) arasında imzalanmış elmi əməkdaşlıq müqaviləsi əsasında CNR-in Ətraf Mühitin Təhlili üzrə Metodologiya İnstitutunun Yer elmləri və ətraf mühit departamenti ilə birlikdə “Mingəçevir ərazisində (Azərbaycan) su anbarında yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsi” layihəsi çərçivəsində aparılıb.