AZƏRBAYCAN VƏ RUSİYA FÖVQƏLADƏ HALLAR NAZİRLİKLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANMIŞDIR
Görüşdən sonra keçirilmiş brifinqdə Rusiya naziri Sergey Şoyqu bildirmişdir ki, sənəddə Moskva və Sankt-Peterburq Fövqəladə Hallar akademiyalarında mütəxəssislərin hazırlanması, informasiya mübadiləsi, Azərbaycana xilasetmə texnikasının, o cümlədən kineloji yanğınların qarşısının alınması, çoxmərtəbəli binalarda qəzaların aradan qaldırılması üçün aviasiya texnikasının gətirilməsi nəzərdə tutulmuşdur.
Nazir demişdir ki, hazırda Rusiyanın Fövqəladə Hallar akademiyalarında, habelə təlim mərkəzlərində 12 azərbaycanlı mütəxəssis hazırlıq kursu keçir. Bu ildən Azərbaycan mütəxəssisləri üçün kvota iki dəfə artırılacaqdır.
S.Şoyqunun sözlərinə görə, müasir xilasedici azı 14 peşəyə yiyələnməlidir. Rusiya təlim mərkəzlərində Azərbaycan üçün dalğıclar, dağ şəraitində işləmək üçün mütəxəssislər, yanğınsöndürənlər və sair hazırlanacaqdır. Protokolun bəndlərindən biri də teoloji xidmətin yaradılmasıdır. Rusiyalı qonaq demişdir ki, dağıntıların, qar uçqunlarının altında axtarış aparmaq üçün təlim keçmiş itlərlə işləyən xüsusi xidmətin təşkilində də yerli mütəxəssislərə kömək göstəriləcəkdir. Yaxın günlərdə Bakıətrafı ərazilərdə neftdən çirklənmiş torpaqların təmizlənməsinə dair pilot layihənin həyata keçirilməsinə başlanacaqdır.
Nazir Kəmaləddin Heydərov Azərbaycanda yeni yaradılmış Fövqəladə Hallar Nazirliyinin Rusiyanın müvafiq qurumu ilə az vaxtda sıx əməkdaşlıq münasibətləri qurduğunu bildirmişdir. Nazir bu ilin fevralında Moskvanın Basman bazarında baş vermiş faciə zamanı rusiyalı həmkarlarının yüksək peşəkarlıqla işlədiklərini diqqətə çatdırmış və hadisə zamanı zərər çəkmiş azərbaycanlılara göstərilən köməyə görə onlara bir daha təşəkkürünü bildirmişdir.
K.Heydərov demişdir ki, başçılıq etdiyi nazirlik digər ölkələrin müvafiq qurumları ilə də əməkdaşlıq əlaqələri qurmaq niyyətindədir. Peşəkar və çevik xilasedicilər dəstələrinin hazırlanması, mükəmməl texniki və informasiya bazalarının yaradılması hazırda nazirlik qarşısında duran başlıca vəzifələrdəndir. Nazir bildirmişdir ki, artıq gələn həftə ölkəmizə Rusiya mütəxəssislərinin böyük bir qrupunun gələcəyi gözlənilir. Onlar fövqəladə hallar aviasiyasının, xilasetmə xidmətinin yaradılmasında yerli həmkarlarına kömək edəcəklər.
Nazirin sözlərinə görə, ölkəmizdə neft sənayesinin sürətlə inkişafı, bu sahədə müasir texnologiyalardan geniş istifadə olunması mümkün texnogen qəzaların qarşısını çevikliklə ala bilən xilasetmə dəstələrinin yaradılmasını labüd edir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.