AZƏRBAYCAN VƏ RUSİYA FÖVQƏLADƏ HALLAR NAZİRLİKLƏRİ DAHA SIX ƏMƏKDAŞLIQ EDƏCƏKDİR
Martın 27-də Moskvada K.Heydərovun və S.Şoyqunun ikitərəfli danışıqları keçirilmişdir. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak etmişdir.
K.Heydərov Moskvanın Basman bazarında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında peşəkarlıqla göstərilmiş yardıma görə, xilasetmə işlərinin təşkilinə və həlak olanların cənazələrinin vətənə göndərilməsində köməyə görə Azərbaycan rəhbərliyi adından Rusiya tərəfinə dərin təşəkkürünü bildirmişdir.
Danışıqlarda hər iki ölkənin FHN-ləri arasında əməkdaşlığın konkret məsələlərinə toxunulmuşdur.
Sonra K.Heydərov və S.Şoyqu başçılıq etdikləri nazirliklər arasında gələcək əməkdaşlıq haqqında əlavə protokol imzalamışlar.
S.Şoyqu demişdir ki, əməkdaşlıq haqqında 1993-cü il tarixli baza sazişinə əlavə kimi imzalanmış protokolda göstərilir ki, bundan sonra müxtəlif təşkilatlar deyil, məhz Azərbaycan Fövqəladə Hallar Nazirliyi Azərbaycan tərəfindən vahid, səlahiyyətli orqan olacaqdır. İndi əməkdaşlığa dair bütün birgə proqramlar Azərbaycanın yalnız bir orqanı ilə - FHN ilə aparılacaqdır.
K.Heydərov rusiyalı həmkarı ilə danışıqların yekunlarını yüksək qiymətləndirərək bildirmişdir ki, tərəflər qarşılıqlı maraq doğuran genişsəpkili məsələləri müzakirə etmişlər. Əvvəllər Azərbaycanla Rusiya FHN arasında əməkdaşlıq fövqəladə hallar üzrə komissiya çərçivəsində həyata keçirilirdi, indi isə Azərbaycanda Fövqəladə Hallar Nazirliyi yaradılmışdır və prezidentlərimizin, hökumətlərimizin qarşıya qoyduqları məsələləri birgə həll edəcəklər. K.Heydərov demişdir: “Rusiyanın Azərbaycanla yaxın qonşumuz - Dağıstan Respublikası vasitəsilə, habelə dənizlə həmsərhəd olduğunu nəzərə alaraq, bizdə birgə həllini tələb edən məsələlər çoxdur. S.Şoyqu bizə bəzi birgə layihələr təklif etdi. Onlar yaranmış fövqəladə hallara çevik reaksiya verməyə imkan yaradacaq, habelə ərazilərimizdə yaşayan vətəndaşların normal həyat fəaliyyətinə kömək edəcəkdir. Azərbaycan FHN-in xarici proqramlarda iştirakı haqqında razılaşma da əldə olunmuşdur”. O qeyd etmişdir ki, RF FHN Rusiya mütəxəssislərinin xilasetmə işləri apardıqları ölkələrdə, o cümlədən Türkiyə, İran və Pakistanda böyük nüfuz qazanmışdır. “Bu, belə deməyə əsas verir ki, biz RF FHN ilə fəal əməkdaşlıq edəcəyik. Ölkələrimizi çoxəsrlik dostluq və əməkdaşlıq əlaqələri birləşdirir, dövlətlərimizin başçılarını dostluq telləri bağlayır, xalqlarımız arasında səmimi qarşılıqlı münasibətlər var. Bu ənənələr davam etdirilir. Əminəm ki, onlar bütün səviyyələrdə genişləndiriləcəkdir”.
Sergey Şoyqu demişdir ki, Azərbaycanda belə bir nazirliyin yaradılması rusiyalı həmkarlar üçün çox vacibdir. Biz Azərbaycanla çoxdan işləyirdik, aramızda heç bir maneə olmurdu. Lakin biz hər dəfə müxtəlif idarələrlə işləməli olurduq, indi isə onların hamısı bir nazirlikdə birləşdirilmişdir. Bu, əməkdaşlığımızı daha yüksək sürətlə inkişaf etdirməyə imkan verəcəkdir. Məlum olduğu kimi, Rusiya və Azərbaycan Prezidentləri qarşıya ölkələrimiz arasında əmtəə dövriyyəsini iki dəfə artırmaq vəzifəsi qoymuşdular. Bu vəzifə bir ildə deyil, əslində, yarım ildə yerinə yetirilmişdir. Biz də əməkdaşlığımızda qarşıya təxminən belə bir vəzifə qoymuşuq. Buraya texnika ilə təchizat, təbii fəlakətlə mübarizə üzrə mərkəzlər, neft axınları ilə mübarizə üzrə mərkəzlər, texnika və avadanlıq istehsalı, bu texnikaya və Xəzər regionu ölkələrinin avadanlığına servis xidməti göstərilməsi üçün müştərək müəssisələr yaradılması məsələləri və digər məsələlər daxildir. Rusiyanın Fövqəladə Hallar Nazirliyi 15 illik yol keçmişdir. Biz 15 ildə qarşılaşdığımız çətinliklərin Azərbaycandakı həmkarlarımızdan yan keçməsi üçün bütün işləri görməyə hazırıq. Biz malik olduğumuz nə varsa, hamısını - təcrübəni, proqramları, saz texnikanı onlara məmnuniyyətlə verəcəyik, məsləhətləşmələr aparmaq üçün Bakıya mütəxəssislər göndərməyə, Azərbaycan mütəxəssislərinə indiki kimi təlim keçməyə hazırıq. Əminəm ki, həmkarımın fəallığı sayəsində bu yol kifayət qədər tez və səmərəli keçiləcəkdir. Hər halda, biz öz dostlarımız kimi onlara həmişə kömək etməyə hazırıq.
Rəsmi səfər zamanı K.Heydərov Rusiya FHN-in və onun bölmələrinin əməli fəaliyyəti ilə də tanış olmuşdur.