AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTANIN NEFT-QAZ POTENSİALINA HƏSR OLUNACAQ KONFRANSA CİDDİ HAZIRLIQ GÖRÜLÜR
AZƏRTAC xəbər verir ki, bu il sentyabrın 9-10-da Bakıda keçiriləcək “Azərbaycan və Türkmənistanın neft-qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya və strateji əməkdaşlıq” konfransı ilə əlaqədar ciddi hazirliq işləri aparılır.
Sənaye və Energetika Nazirliyinin (SEN) mətbuat xidmətindən bildirmişlər ki, konfrans Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistanın Baş nazirinin müavini Taçmerdi Tağıyevin həmsədrliyi ilə keçiriləcəkdir.
Konfransda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin, Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Baymurad Xocaməhəmmədovun, Türkmənistanın Strateji Planlaşdırma və İqtisadiyyat İnstitutunun direktoru, “Türkmənqaz” Dövlət Konserninin rəhbərinin və digər rəsmi şəxslərin çıxışları nəzərdə tutulur.
Konfrans “Qlobal meyillər və dünya energetikasının inkişafı”, “Azərbaycan və Türkmənistanın neft-qaz resurslarının qiymətləndirilməsi”, “Regional əməkdaşlıq və neft-qaz komplekslərinin inkişafı. Beynəlxalq və regional investisiya layihələri”, “Yeni texnologiyaların tətbiqi: iqtisadiyyat, ekologiya, elm və təhsil” bölmələri üzrə davam etdiriləcəkdir.
Tədbirə, həmçinin Azərbaycan və Türkmənistanda fəaliyyət göstərən xarici şirkətlər, beynəlxalq maliyyə institutları və korporasiyaların nümayəndələri də qatılacaqlar.
Konfransda ABŞ Dövlət Departamentinin Avrasiyada enerji məsələləri üzrə əlaqələndiricisi Stiven Mənnin də iştirakı nəzərdə tutulur.