SİYASƏT
Azərbaycan-Vyetnam parlamentlərarası dostluq qrupu yaradılmışdır
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 27-də Hanoyda Azərbaycan-Vyetnam parlamentlərarası dostluq qrupunun yaradılması ilə əlaqədar tədbir keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Vyetnam parlamentinin vitse-spikeri Uong Çu Luu, xarici işlər komitəsinin sədri Tran Van Hang və dostluq qrupuna daxil olan deputatlar iştirak etmişlər.
Tədbirdə Uong Çu Luu, Azərbaycan-Vyetnam parlamentlərarası dostluq qrupunun sədri, eyni zamanda, Vyetnamın qanunverici orqanının təhlükəsizlik komitəsinin sədr müavini Tran Dinh Nha, respublikamızın bu ölkədəki səfiri Anar İmanov çıxış etmişlər.
Çıxışlarda iki ölkə arasında tarixən dostluq münasibətlərinin mövcud olduğu qeyd edilmişdir. Cari ildə Azərbaycanın Vyetnamda səfirliyinin təsis olunması ilə iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlandığı vurğulanmışdır.
Çıxış edənlər Vyetnamın və Azərbaycanın sürətli inkişaf yolu keçdiyini və iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu bildirmişlər. Dostluq qrupunun təsis edilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından əlamətdar hadisə olduğu, parlamentlərimiz arasında əməkdaşlığın daha fəal həyata keçirilməsi üçün böyük önəm kəsb etdiyi vurğulanmışdır.