Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin bərpasında mühüm rol oynayıb
Sabirabad, 27 may, Mahir Babayev, AZƏRTAC
Sabirabadda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül-çiçək qoyub, daha sonra rayon Mədəniyyət Mərkəzinin foyesində cümhuriyyətə həsr olunan sərgi ilə tanış olublar.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirib ki, cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 23 ay fəaliyyət göstərsə də, xalqımızın tarixində ən parlaq səhifələrindən biri kimi qalıb. Xalq Cümhuriyyəti dövlət quruculuğu sahəsində qısa müddətdə həyata keçirdiyi tədbirlər Azərbaycan xalqının tarixində silinməz iz buraxmış, milli dövlətçiliyimizin bərpasında bünövrə rolunu oynamışdı.
Natiq bildirib ki, XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanılıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Digər çıxış edənlər cümhuriyyətin xalqımızın tarixində şərəfli yer tutduğunu, müasir, müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi və inkişafında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd ediblər.
Yubiley tədbiri konsert proqramı ilə davam edib.