Azərbaycan xalqı, dili yaşadıqca Hüseyn Arifin poeziyası da yaşayacaq
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib. Gənc oğlu Arifi itirən şair sarsılmayıb, qəlbindəkiləri şeirlərə köçürüb.
Bu fikirlər oktyabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan poeziyasında özünəməxsus yeri olan, fitri istedadı ilə çoxsaylı oxucu sevgisi qazanmış Xalq Şairi Hüseyn Arifin 90 illik yubiley tədbirində səsləndirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 2 may tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Mərasim iştirakçıları əvvəlcə filarmoniyanın foyesində Hüseyn Arifin həyat və yaradıcılığını əhatə edən kitab sərgisi ilə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Xalq Şairi Hüseyn Arifin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından, Azərbaycan ədəbiyyatına töhfələrindən söhbət açıblar.
Bildirilib ki, ötən əsrlərin 40-50-ci illərindən yaradıcılığa başlayan Hüseyn Arif “Yolda”, “Dağ kəndi”, “Məhəbbət poeması”, “Dilqəm” və “Natəvan” poemalarının, çoxsaylı şeirlərin müəllifi kimi milyonlarla oxucu qəlbini fəth edib. Sağlığında kitabları kütləvi tirajla nəşr edilib, şeirlərinə musiqilər bəstələnib.
Vurğulanıb ki, şair öz yaradıcılıq üslubu ilə aşıq poeziyasını zənginləşdirib, dövrün aktual məsələlərini əsərlərində əks etdirməklə ədəbiyyatımıza yeni nəfəs gətirib. Azərbaycan Aşıqlar Birliyinin yaradılması Hüseyn Arifin adı ilə bağlıdır.
Təbiət mövzusunda yazdığı və əksərən fəlsəfi ümumiləşdirmələrlə sona yetirdiyi əsərləri ilə Hüseyn Arif oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırır.
Diqqətə çatdırılıb ki, həmişə xalqın içində olan şair ictimai həyatda da fəal olub. Müxtəlif illərdə “Azərnəşr”in bədii ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib.
Xalq və dövlət tərəfindən yaradıcılığı yüksək qiymətləndirilən Hüseyn Arif Azərbaycan Dövlət Mükafatına, “Xalq Şairi” fəxri adına layiq görülüb.
Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır. Azərbaycan xalqı, dili yaşadıqca Hüseyn Arifin poeziyası da yaşayacaq.
Mərasimdə şairin qızı Zöhrə Hüseynzadə atasının yubileyinin dövlət səviyyəsində keçirildiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Yubiley tədbirində Hüseyn Arifin şeirləri səsləndirilib, Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə incəsənət ustaları tərəfindən şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunub, şairlə bağlı videoçarx göstərilib.