Azərbaycan xalqı yeni əsrə Heydər Əliyev zəkasının işığında qədəm qoyub
Ağdam, 10 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ağdam rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir iştirakçıları sonra Ağdam Muğam Mərkəzində Ulu Öndərin müxtəlif vaxtlarda Ağdam rayonuna etdiyi səfərlərdən bəhs edən foto və kitab sərgisi ilə tanış olublar.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndərin həyat və siyasi fəaliyyətinə həsr edilmiş “Xalqa həsr olunmuş ömür” adlı filim nümayiş etdirilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri Mansur Quliyev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərdən, xilaskarlıq rolundan, respublikamızın hərtərəfli inkişafında əvəzsiz xidmətlərindən, dahi rəhbərin ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıblar.
Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiətilə Əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllim və tələbələrinin təqdimatında musiqi nömrələri təqdim edilib.
Tədbirdən sonra YAP Ağdam rayon təşkilatı tərəfindən bir qrup şəhid ailəsinə hədiyyələr təqdim olunub.
Müxbir – Tahir Ağaməmmədov