Azərbaycan Xəzərin dayazlaşması problemi ilə bağlı sammitin keçirilməsi təşəbbüsünü irəli sürüb
Astana, 29 may, AZƏRTAC
Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin biomüxtəlifliyinin qorunmasına dair Tehran Konvensiyası çərçivəsində fəal əməkdaşlıq qurulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəhbəri Muxtar Babayev jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, bu konvensiya çərçivəsində həm elmi, həm də praktiki aspektlər, o cümlədən suyun səviyyəsinin azalması ilə bağlı risklər müzakirə olunur.
“Hazırda Xarici İşlər Nazirliyində gündəliyi formalaşdıran və tədbirin tarixini müəyyən edən işçi qrupu yaradılıb. Bütün Xəzəryanı dövlətlər məsləhətləşmələrdə iştirak etmək üçün dəvət olunub. İndi bu ciddi prosesin təsirlərinin azaldılması strategiyasının hazırlanması üçün Qazaxıstan və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilir. Xəzər dənizi ilə bağlı vəziyyət İranda Urmiya gölü və Qazaxıstanla Özbəkistan sərhədində yerləşən Aral dənizinin faciələri ilə müqayisə oluna bilər. Proseslər Urmiya və Aral dənizi bölgələrində daxili miqrasiyaya səbəb olur və bölgə üçün ciddi sosial problemlər yaradır”, - deyə Muxtar Babayev bildirib.
M.Babayev qeyd edib ki, Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı sammitin keçirilməsi təşəbbüsünü irəli sürüb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana