AZƏRBAYCAN YIĞMASI GÜLƏŞ ÜZRƏ AVROPA BİRİNCİLİYİNDƏ 18 İDMANÇI İLƏ TƏMSİL OLUNACAQDIR
Bakı, 27 iyun (AZƏRTAC). Azərbaycanın sərbəst, yunan - Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandası iyunun 30-da Tbilisidə başlanacaq Avropa çempionatında iştirak edəcəkdir. Azərbaycan Güləş Federasiyasından bildirmişlər ki, yarışda ölkəmizi 18 pəhləvan təmsil edəcəkdir.
Mübarizəyə əvvəlcə qızlar qoşulacaqdir. Yeniyetmə və gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi Arif Fərmanovun rəhbərliyi ilə Azərbaycanın idman şərəfini Fatma Əhmədova (48 kq), Nigar Əhmədova (51 kq) və Günay İsmayılova (55 kq) qoruyacaqlar.
Arif Fərmanovun sözlərinə görə, yeniyetmə qızların gənclərin Avropa birinciliyində iştirak etməsindən əsas məqsəd onların lazımi yarış təcrübəsi toplamalarıdır. Belə ki, adları çəkilən güləşçilərin iyulda Serbiyada keçiriləcək yeniyetmələrin Avropa birinciliyində də iştirakı nəzərdə tutulur.
İyulun 2-3-də Tbilisidə böyük məşqçi Ağalar Aslanov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında döşək üzərinə 7 gənc yunan - Roma güləşçimiz çıxacaqdır. Bu mübarizədə Xurşud Babaşov (50 kq), Orxan Əhmədov (55 kq), Həsən Əliyev (60 kq), Rüstəm Əliyev (66 kq), Elməddin Abdullayev (74 kq), Murtuza Tağıyev (84 kq) və Səbuhi Hümbətov (96 kq) onlara bəslənilən ümidləri doğrultmağa çalışacaqlar.
Böyük məşqçi Ağalar Aslanovun sözlərinə görə, Quba Olimpiya - İdman Kompleksində təşkil olunan hazırlıq prosesinin lazımi səviyyədə aparılması məşqçilər korpusuna idmançılardan yüksək nailiyyətlər gözləməyə əsas verir.
Avropa birinciliyinin son 2 günü, yəni iyulun 4-5-də keçiriləcək sərbəst güləş üzrə yarışda isə Azərbaycan tam heyətlə təmsil olunacaqdır. Yığmamızın heyətində Nicat Muradov (50 kq), Azər Paşayev (55 kq), Ağahüseyn Mustafayev (60 kq), İbrahim Yusubov (66 kq), Zaur Ələkbərov (74 kq), Roman Bəkirov (84 kq), Cəmaləddin Məhəmmədov (96 kq), Aslan Cəbişov (120 kq) yer almışlar.
Turnir ərəfəsində Masallı Olimpiya-İdman Kompleksində Dağıstan güləşçiləri ilə birgə təlim-məşq toplanışında iştirak edən yığmamızın böyük məşqçisi Arif Abdullayev də mötəbər yarışdan vətənə uğurla dönəcəklərinə inanır.