Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı VİDEO
Bakı, 29 may, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 19 kiloqram narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əməliyyat nəticəsində narkotiklərin qeyd edilən cinayət əməlində şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 47 yaşlı Emin Əhmədov saxlanılıb. Onun idarə etdiyi iritonnajlı yük maşınından 8 kiloqram heroin və 3 kiloqramdan çox psixotrop maddə metamfetamin aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, E.Əhmədov aşkar olunmuş narkotik vasitələri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib. Saxlanılan şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən daha iki nəfər 44 yaşlı Ramil Həsənov və 38 yaşlı İlham Cümşüdoğlu saxlanılıblar. Onlardan ümumilikdə 8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb. Bu şəxslər narkotikləri Bakı şəhəri və Abşeron rayonu ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır. Əməliyyat-profilaktik tədbirlər davam etdirilir.