CƏMİYYƏT
AZƏRBAYCANA POLİOMİELİTDƏN AZAD ƏRAZİ SERTİFİKATI VERİLMİŞDİR
Dünya Səhiyyə Təşkilatının bu günlərdə Danimarkanın Kopenhaqen şəhərində keçirdiyi beynəlxalq konfransda Avropanın bütün ölkələrində poliomielit virusunun ləğv edildiyi elan olunmuşdur. Buna əsasən də, regionumuza poliomielitdən azad ərazi sertifikatı verilmişdir.
Bu əlamətdar hadisəyə həsr edilmiş konfransda poliomielitin ləğv edilməsi sahəsində Azərbaycanın nailiyyətləri xüsusi vurğulanmışdır.
Xatırladaq ki, 1990-cı illərin əvvəlində bütün Avropada qeydə alınmış 354 poliomielit hadisəsinin 182-si, yəni yarıdan çoxu Azərbaycanın payına düşürdü. Beləliklə, deyə bilərik ki, insanları ömürlük iflic edən, uşaqlar arasında yüksək ölüm göstəricisi ilə səciyyələnən bu virusun bütövlükdə Avropada ləğv edilməsinə xeyli dərəcədə Azərbaycanda poliomielitlə aparılan mübarizə sayəsində nail olunmuşdur. Bu qorxulu xəstəliyin ləğv olunması sahəsində görülən genişmiqyaslı işlərə ölkəmizin Prezidenti Heydər Əliyevin şəxsən rəhbərlik etməsi bu uğurlarda həlledici rol oynamışdır. Azərbaycan rəhbəri 1995-ci ilin aprel ayında MEKAKAR əməliyyatı çərçivəsində Bakıdakı Ş.Ələsgərova adına 5 nömrəli doğum evində yeni doğulmuş körpəyə ilk poliomielit vaksinini verməklə həmin tədbiri ümumdövlət səviyyəsinə qaldırmış və respublikamızın bütün tibb ictimaiyyətini bu qorxulu xəstəliklə mübarizə işinə səfərbər etmişdir.
Poliomielit xəstəliyinə görə endemik ölkə olan Azərbaycan qısa müddətdə bu xəstəlikdən azad respublikaya çevrilmişdir.