İQTİSADİYYAT
Azərbaycana qaçaqmalçılıq yolu ilə keçirilərkən aşkar olunmuş müxtəlif məhsullar məhv edilmişdir
Bakı, 2 fevral (AZƏRTAC). Fevralın 1-də Sumqayıt yaxınlığında fəaliyyət göstərən məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda respublika ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilərkən aşkar olunmuş mallar məhv edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Azərterminalkompleks” Xüsusi İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən məhvetmə komissiyasının və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri iştirak etmişlər.
Məhv edilən məhsullar sırasında müxtəlif adda mobil telefonlar, 44.013 qutu tütün məmulatı, 5.120 dərman preparatı, spirtli içkilər (1.430 şüşə araq, 887 pivə, 260 litr çaxır, 73 litr spirt), Ermənistan istehsalı olan 9 konyak, 3.080 qutu və 3.098 pirotexniki vasitə və s. olmuşdur.
Bildirilmişdir ki, sadalanan mallar son 6 ayda ayrı-ayrı fiziki şəxslər tərəfindən gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhd göstərilərkən gömrük orqanları tərəfindən aşkar edilərək götürülmüşdür.
Həmin məhsulların bəzilərinin istifadə müddəti bitmiş, bəzilərinin fiziki-kimyəvi tərkibi standartlara uyğun olmamışdır. Bəzi malların ştrix-kod göstəricilərindən isə Azərbaycanda istifadə edilmir.