AZƏRBAYCANDA DAŞINMAZ ƏMLAK BAZARI İLDƏN-İLƏ FƏALLAŞIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov iyunun 6-da Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirmişdir.
Son illər sosial-iqtisadi sahədə qazanılmış uğurların daşınmaz əmlakın da əhəmiyyətini artırdığını vurğulayan A.Qaraşov, rəhbərlik etdiyi qurumun strukturunun təşkili, görülən işlər, perspektiv planlar barədə məlumat vermişdir.
Daşınmaz əmlak sahəsində xidmətlərin daha da təkmilləşdirilməsi ilə əlaqədar mükəmməl hüquqi və maddi-texniki bazanın yaradıldığını bildirən A.Qaraşov demişdir ki, ötən dövrdə xidmətin Yevlax şəhər, Şamaxı, Zaqatala rayon ərazi idarələri, Xaçmaz ərazi idarəsinin Quba rayon şöbəsi üçün müasir tələblərə uyğun yeni inzibati binalar inşa edilərək istifadəyə verilmişdir. Abşeron, Ucar, Şirvan şəhər ərazi idarələri, Abşeron rayon ərazi idarəsinin Xızı rayon şöbəsi üçün də yeni inzibati binaların inşası başa çatmaq üzrədir.
A.Qaraşov ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində, mayın 8-də xidmətin aparatının inzibati binasının təmir və yenidənqurmadan sonra istifadəyə verildiyini də qeyd etmişdir.
Cari ilin ötən aylarında xidmətin fəaliyyəti haqqında məlumat verən A.Qaraşov bildirmişdir ki, hesabat dövründə respublika üzrə 39 min daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı aparılmışdır. Bu əmlakın 15 mini Bakı şəhərinin, 24 mini isə regionların payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 27 faiz artım olduğu qeyd edilmişdir.
Bildirilmişdir ki, üzərində hüquqların qeydiyyatı aparılmış daşınmaz əmlak obyektlərindən 13 mini ilkin, 26 mini isə təkrar bazar üzrə qeydiyyatdan keçmiş əmlaklardır. Bu, Azərbaycanda daşınmaz əmlak bazarının ildən-ilə fəallaşmasının göstəricisi sayıla bilər.
Hesabat dövründə respublika üzrə 23 min daşınmaz əmlak obyektinin texniki pasportu tərtib edilmiş, 24 min daşınmaz əmlak obyektinə müayinə baxışı keçirilmiş, hüquq sahiblərinə daşınmaz əmlakın təsvirinə, dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair 28 min, eyni zamanda 18 min digər arayış verilmişdir.
DƏDRX-in rəisi qeyd etmişdir ki, cari ilin ötən dövründə 6 min 58 ipoteka müqaviləsinin dövlət qeydiyyatı aparılmışdır. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1120 və yaxud 22,7 faiz çoxdur. Qeydiyyata alınmış ipoteka müqavilələrindən 3145-i, yaxud 52 faizi Bakı şəhərinin, 2913-ü, yaxud 48 faizi isə regionların payına düşür. İpoteka müqavilələrinin qeydiyyatı sahəsində Bakı və regionlara dair göstəricilərin təxminən bərabərləşməsi regionların sosial-iqtisadi inkişafı, bölgələrdə də daşınmaz əmlakdan sahibkarlıq məqsədilə istifadəyə yaradılmış imkanların müsbət nəticəsi kimi qiymətləndirilməlidir.
A.Qaraşov qeyd etmişdir ki, əhalinin siyahıyaalınmasına hazırlıq işləri ilə əlaqədar əhalisinin sayı 5 mindən artıq olan yaşayış məntəqələrinin sxematik planları hazırlanmış, müəyyən edilmiş cədvələ uyğun olaraq 250 şəhər, kənd və qəsəbə haqqında məlumat Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.
Xidmətin rəisi, həmçinin vurğulamışdır ki, ötən il Ağdam rayonundan olan məcburi köçkünlər üçün bu rayonda inşa edilmiş 7 qəsəbə üzrə texniki invertarlaşma işləri həyata keçirilmiş, 3157 yaşayış evi və tikilinin texniki pasportu hazırlanmışdır.
Dövlət başçısının müvafiq Sərəncamına əsasən ləğv edilmiş bağ təssərrüfatı idarələrinin arxivlərinin xidmət tərəfindən təhvil alınması təmin edilmiş, mülkiyyətçilərin hüquqlarının rəsmiləşdirilməsinə başlanmışdır. Ötən bir il ərzində 2666 bağ sahəsi üzərində hüquqların qeydiyyatı aparılmışdır.
Sonda suallar cavablandırılmışdır.