AZƏRBAYCANDA EKOTURİZM ÜÇÜN BÖYÜK İMKANLAR VAR
ATƏT-in Azərbaycandakı ofisinin rəhbəri Piter Burhard konfransın birinci iclasını açaraq bildirmişdir ki, beynəlxalq ekspertlərin fikrincə, Azərbaycanda ekoturizmin sabit inkişafı üçün böyük potensial var. Adi turizmdən fərqli olaraq, ekoturizmin marşrutu, əsasən, təbiət obyektlərindən – meşələrdən, meşə massivlərindən, qoruqlardan, yasaqlıqlardan və milli parklardan keçir. Ekoturist təbiətin sərvətlərini qorumaq üçün təbiətlə davranış qaydalarını bilməlidir. Azərbaycanda son bir neçə il ərzində ilk milli parklar – Şirvan, Ordubad, Ağgöl parkları yaradılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xüsusi qorunan ərazilərin bioloji ehtiyatları departamentinin direktoru Sədaqət Məmmədova ölkədə yeni yaradılmış parklar, qoruqlar, yasaqlıqlar barədə məruzə etmiş, onların vəziyyəti haqqında məlumat vermişdir. S.Məmmədovanın sözlərinə görə, Hirkan milli parkının yaradılması barədə sənəd imzalanmışdır, hazırda Samur-Yalama milli parkının layihəsi üzərində iş gedir.
Azərbaycanda rəsmən 114 turist firması və təşkilatı fəaliyyət göstərir. Lakin ekoturizm üzrə ixtisaslaşmış firmalar, demək olar, yoxdur. Ölkəmizdə ekoturizmin inkişafı ekoloji mədəniyyətin inkişafını stimullaşdırar, təbii sərvətlərin qorunmasını təmin edər, yerli büdcələrə və dövlət büdcəsinə gəlir gətirər.
Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov çıxışında bildirmişdir ki, nazirliyin keçirdiyi sorğuya əsasən, respondentlərin təxminən 70 faizi daxili turizmə, yəni ölkəmizin dilbər guşələrində dincəlməyə üstünlük verirlər.
Lakin daxili sabit ekoturizmin inkişafı üçün şərait yaratmaqdan ötrü yeni parklar salmaq, müasir yollar çəkmək, əhalini ekoturizm sahəsində maarifləndirmək, ekoturizm marşrutları hazırlamaq, bu sahədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək, müvafiq kadrlar yetişdirmək, Azərbaycanın turizm marşrutlarının müasir və təhlükəsiz olması üçün qanunvericilik bazası yaratmaq lazımdır.
ATƏT-in və Britaniya konsulluğunun təşkil etdikləri ikigünlük konfransda ekologiya və təbii sərvətlər, gənclər, idman və turizm nazirliklərinin əməkdaşları iştirak edirlər.