“AZƏRBAYCANDA İNSAN HÜQUQLARI VƏ HƏMKARLAR İTTİFAQLARI HƏRƏKATI” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AMEA-nın İnsan Hüquqları İnstitutu tərəfindən “Azərbaycan dövlətçiliyi: davamlı inkişaf” elmi konfranslar silsiləsi çərçivəsində təşkil edilmişdir.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev konfransı açaraq mövzunun aktuallığından və əhəmiyyətindən danışmışdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Aqil Dadaşov çıxış edərək sosial ədalətin, işçilərin hüquq və mənafelərinin təmin edilməsində həmkarlar ittifaqlarının rolunun artdığını diqqətə çatdırmışdır.
Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Tofiq Quliyev, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova və başqaları ölkəmizdə sosial hüquqların qorunması, Avropa xartiyasının ratifikasiyası, hüquqi demokratik dövlət yaradılmasında həmkarlar ittifaqlarının rolu, dövlət siyasətinin üstün istiqamətlərinin həyata keçirilməsində həmkarlar təşkilatının fəaliyyəti və s. barədə geniş məlumatlar vermişlər.
Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan dövlətinin davamlı inkişafında baş verən iqtisadi-sosial dəyişikliklərdə, insan hüquqlarının qorunmasında həmkarlar ittifaqı təşkilatlarının rolu əvəzsizdir.
Konfransda mövzu ilə bağlı müzakirələr aparılmışdır.