AZƏRBAYCANDA VƏRƏMLƏ MÜBARİZƏYƏ DAİR DÖVLƏT PROQRAMI HAZIRLANACAQ
Hazırda ölkəmizdə 3705 vərəm xəstəsi var. Vərəmə yoluxanların sayının getdikcə azalması meyli müşahidə olunur. 2001-ci ildə 4847 belə xəstə qeydə alınmışdı. Lakin həmin fakt bu sosial bəlanın profilaktikasında və onunla mübarizə məsələlərində həkimlərin məsuliyyətini azaltmamalıdır.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, vərəmə təkrar yoluxanların 80 faizi MDB ölkələrinin, Baltikyanı ölkələrin və Rumıniyanın payına düşür. DST-nin Avropa Regional Bürosu vərəmlə mübarizəni genişləndirmək üçün siyasi və maliyyə dəstəyini gücləndirmək məqsədi ilə bu ilin oktyabrında Kopenhagendə 52 dövlətin səhiyyə, ədliyyə, maliyyə və xarici işlər nazirlərinin forumunu keçirməyi planlaşdırır.
2002-ci ilin avqustundan Azərbaycanda DST-nin penitensiar müəssisələrində fəal həyata keçirilən DOTS proqramı gerçəkləşdirilir. Hazırda QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond ölkəmizdə DOTS+ proqramını həyata keçirməyə başlamışdır. Bu, köhnə DOTS proqramından yeni, daha bahalı və səmərəli preparatlardan istifadə etməsi ilə fərqlənir. Yeni proqram vərəmin multirezistent formasına yoluxanları müalicə etməyə və həmin infeksiyanın yayılmasının qarşısını almağa imkan verir. Multirezistent vərəm xəstəliyinin adi formasından daha ağır keçir və “birinci xətt” deyilən dərmanlar onun müalicəsində səmərə vermir.