Azərbaycanda xalçaçılıq sənətinin qorunmasına və inkişafına böyük diqqət ayrılır
Bakı, 5 may, AZƏRTAC
Mayın 5-də “NUR Art House” qalereyasında “Xalçaçı günü”nə həsr olunmuş “Nənəmin cəhrəsi, babamın dəhrəsi - bizi qoru” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın ən qədim dekorativ-tətbiqi sənət növlərindən olan xalçaçılığın qorunması və sonrakı nəsillərə ötürülməsinin əhəmiyyətindən söhbət açılıb. Ölkəmizin bütün dünyada öz xalçaları ilə tanındığı bildirilib.
Qeyd olunub ki, Azərbaycan dövləti xalçaçılıq sənətinin inkişafına böyük diqqət ayırır. Belə ki, 2016-cı il noyabrın 25-də Prezident İlham Əliyev “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi barədə Sərəncam imzalayıb.
Sonra tədbirin qonaqları Azərbaycan xalçasına həsr edilmiş əl işləri ilə tanış olublar.