Azərbaycandan 98 ölkəyə məhsul ixrac olunub
Bakı, 12 iyun, AZƏRTAC
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 179 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 98 ölkəyə məhsul ixrac olunub, 172 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2023-cü ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 15834,1 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 10536,2 milyon dollarını və ya 66,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 5297,9 milyon dollarını (33,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5238,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,0 faiz azalmış, real ifadədə isə 1,6 faiz artıb. İdxal real ifadədə 8,8 faiz artıb, ixrac 0,7 faiz azalıb.
Cari ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə 17,5 faiz artaraq 1187,2 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsində birinci yerdə İtaliya (33,0 faiz), ikinci yerdə Türkiyə (14,5 faiz), üçüncü yerdə isə Rusiya (7,8 faiz) qərarlaşıb.
İxraca gəldikdə, 45,9 faizi İtaliyanın, 14,5 faizi Türkiyənin, 4,6 faizi isə Yunanıstanın payına düşür.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyə (34,2 faiz), Rusiya (24,0 faiz), Gürcüstan (12,0 faiz) ilk üçlükdədir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,6 faizi Rusiya, 14,6 faizi Çin, 14,3 faizi Türkiyə, 5,1 faizi Türkmənistan, 5,0 faizi Almaniya, 4,6 faizi Fransa, 3,1 faizi İran, 2,9 faizi ABŞ, 2,6 faizi İtaliya, 2,5 faizi Qazaxıstan, 2,1 faizi Yaponiya, hər biri 1,9 faiz olmaqla Belarus və Koreya, 1,6 faizi Birləşmiş Krallıq, 1,4 faizi Ukrayna, 1,3 faizi Hindistan, 1,1 faizi Braziliya, 1,0 faizi Polşa, 13,4 faizi isə digər ölkələr dilə aparılmış idxal əməliyyatlarının payına düşüb.