AZƏRBAYCANDAN DAXİLİ İMKANLAR HESABINA GÜRCÜSTANA QAZ NƏQLİNƏ BAŞLANMIŞDIR
Gürcüstan Prezidenti Mixail Saakaşvilinin xahişinə əsasən ölkənin çətin vəziyyətində onlara kömək üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təcili tədbirlər həyata keçirilmiş və 2006-cı il yanvarın 22-dən, yəni partlayışlardan dərhal sonra, Azərbaycandan daxili imkanlar hesabına Gürcüstana təbii qazın nəqlinə başlanmışdır. Belə bir ekstremal vəziyyət Azərbaycan Respublikasının 2006-cı il üçün təsdiqlənmiş yanacaq-enerji balansında nəzərdə tutulmuşdur. (İl ərzində 120 milyon kubmetr qazın ayrılması) və “Azərnəql” İstehsalat Birliyi ilə “Gürcüstan qaznəql şirkəti” MMC arasında Azərbaycan qazının Gürcüstana nəqli haqqında müqavilə imzalanmışdır. Hazırda qazın Gürcüstan ərazisinə fasiləsiz nəqli üçün “Azəriqaz” QSC tərəfindən lazımi tədbirlər görülür.
Xüsusilə qeyd etmək lazımdır ki, həmin müqavilənin 7.2-ci bəndinə əsasən qaz yalnız Gürcüstanın daxili tələbatını ödəmək məqsədi ilə nəql olunur və onun üçüncü tərəfə satılmasına icazə verilmir. Artıq 3 milyon kubmetr qaz Gürcüstana nəql edilmişdir. Baxmayaraq ki, 2006-cı il yanvarın 24-də Rusiyadan alınan qazın həcmi 17 milyon kubmetrdən 12 milyon kubmetrə enmişdir. Azərbaycan tərəfi Gürcüstana nəql edilən qazın minimal həcminin 2 milyon kubmetrdən aşağı enməsinə yol verməyəcək, bu da Tbilisi şəhərinin tələbatının qismən ödənilməsinə və Qardabani qaz-kompressor stansiyasının fasiləsiz fəaliyyətinə istiqamətləndiriləcəkdir.
Rusiyanın bəzi KİV-də belə bir məlumat yayılmışdır ki, güya Rusiya Azərbaycan ərazisindən tranzit ərazi kimi istifadə edərək, Gürcüstana qaz nəql edir. Qətiyyətlə bəyan edirik ki, bunlar uydurmadır, çünki Azərbaycan nə “Qazprom” nə də “Qazeksport”la tranzit haqqında müqavilələr imzalamayıbdır. Gürcustana nəql edilən qaz yalnız Azərbaycanın daxili imkanlarının hesabına edilir və üçüncü tərəfə satılmır.