SİYASƏT
Azərbaycanın ABŞ-dakı səfirliyində Sovet Yəhudiləri üzrə Milli Komitənin gənclər qanadı ilə görüş keçirilmişdir
![](/files/galleryphoto/2013/3/1200x630/14079269073093713774_1200x630.jpg)
![](/files/galleryphoto/2013/3/1200x630/1407926907645144388_1200x630.jpg)
Vaşinqton, 10 noyabr (AZƏRTAC). Azərbaycanın ABŞ-dakı səfirliyində Sovet Yəhudiləri üzrə Milli Komitənin gənclər qanadı olan “Druzya” qrupunun üzvləri ilə görüş keçirilmişdir.
Görüşdə iştirak edən komitənin icraçı direktoru Mark Levin Azərbaycanda tolerantlığın dərin tarixi köklərə malik olduğunu, ölkəmizdə heç bir zaman anti-semitizm hallarının müşahidə edilmədiyini, yəhudi və müsəlman icmalarının birgə, mehriban qonşuluq şəraitində yaşadıqlarını bildirmişdir. Azərbaycana səfərini xatırladan M.Levin əhalisinin əksəriyyətinin İslam dininə etiqad etdiyi Azərbaycanda yəhudi icmasına münasibətin nümunəvi olduğunu və ümumilikdə etnik və dini rəngarəngliyin təşviqi məsələsinin ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu xüsusi vurğulamışdır. O, xalqlar arasındakı dostluğun dövlətlərarası münasibətlərin xarakterini formalaşdırdığını qeyd etmiş, Azərbaycan-İsrail əlaqələrindən danışmış, bu münasibətləri strateji tərəfdaşlıq kimi dəyərləndirmişdir.
Səfir Elin Süleymanov çıxış edərək Azərbaycandakı yəhudi icmasının tarixindən danışmış, yəhudilərin xalqımızın etnik mənzərəsində öz çaları olduğunu və ölkəmizin ictimai-siyasi həyatında fəal təmsil olunduqlarını bildirmişdir. Xalqımızın ən çətin günlərində yəhudi icması tərəfindən daim dostluq və qardaşlıq münasibəti gördüyünü vurğulayan səfir Vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda azərbaycanlıların və yəhudilərin çiyin-çiyinə mübarizə apardıqlarını qeyd etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş Albert Araqunovun Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırmışdır. Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu vurğulayan E.Süleymanov demişdir ki, tolerantlığın təşviqinə ölkə rəhbərliyi daim xüsusi diqqət göstərir və bunun nəticəsidir ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrilmişdir.
Qeyd edək ki, “Druzya” qrupuna keçmiş Sovet İttifaqı məkanında anadan olmuş yəhudi əsilli amerikalı gənclər daxildir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton