AZƏRBAYCANIN DAĞ YƏHUDİLƏRİ İCMASININ BAŞÇISI SEMYON İXİİLOVUN ÇIXIŞI
- Zati-aliləri, möhtərəm cənab Prezident!
Zati-müqəddəsləri şeyxülislam!
Hörmətli yepiskop Aleksandr həzrətləri!
Hörmətli xanımlar və cənablar!
Mənə də icazə verin, Azərbaycanın yəhudi icması adından bütün Azərbaycan xalqını əlamətdar gün - bizim Bakıda yenidən həyata qaytarılmış kilsənin açılışı münasibətilə təbrik edim.
Bu ay çox uğurlu oldu. Martın 9-da Bakıda iki sinaqoqun - Avropa yəhudiləri sinaqoqunun və gürcü yəhudiləri sinaqoqunun açılış mərasimləri keçirildi. Belə hadisə yüz ildə bir dəfə olur. Şükürlər olsun!
Hər bir dinin öz müqəddəs günləri var. Məsələn, yəhudilərdə bu, şənbədir. Müsəlmanlarda cümə günüdür. Pravoslavlarda bazar günüdür. Adətən, bu müqəddəs günlərdə Azərbaycanımızın məscidlərində, sinaqoqlarında, kilsələrində ölkə Prezidenti, zati-aliləri Heydər Əliyevin sağlığına, bütün Azərbaycan xalqının sağlığına, onun rəşadətli Silahlı Qüvvələrinin sağlığına dualar oxunur ki, işğal olunmuş ərazilərimiz tezliklə azad edilsin və qaçqınlarımız öz doğma ocaqlarına qayıda bilsinlər. Biz bunun üçün həmişə dua edirik.
Mən də arzu edərdim ki, məscidlərdə və sinaqoqlarda olduğu kimi, bu gözəl kilsədə də dualar səslənsin və onun qapıları həmişə hamının üzünə açıq olsun. Bu gün bütün Azərbaycan xalqı üçün böyük bayramdır. Bu münasibətlə sizin hamınızı təbrik edirəm. Aydın Qurbanovu da bu gün Patriarxın adından ona təqdim olunmuş yüksək mükafat münasibətilə təbrik edirəm.
Əziz dostlar, əziz möminlər, mən yəhudi icması adından sizi bu əlamətdar gün münasibətilə bir daha təbrik edirəm.
X X X
X X X
Sonra Rusiya Federasiyasının ölkəmizdəki səfiri Nikolay Ryabova söz verildi.