Azərbaycanın Gürcüstandakı səfiri BP-nin bu ölkə üzrə rəhbəri ilə müzakirələr aparıb
Tbilisi, 7 aprel, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ilə BP-nin Gürcüstan üzrə rəhbəri Aytən Hacıyeva ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, F.Quliyev BP-nin neft və qaz sahəsində ölkəmizin əsas tərəfdaşlarından olduğunu və regionda həyata keçirilən iri enerji infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eləcə də, Cənub Qaz Dəhlizinin bu uzunmüddətli əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib. Diplomat bu illər ərzində SOCAR ilə BP arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.
A.Hacıyeva BP-nin Gürcüstandakı fəaliyyəti və gələcək planları barədə məlumatları, eləcə də fikirlərini bölüşüb. Bildirib ki, bu il BP-nin Gürcüstanda fəaliyyətinin 25 ili tamam olur və hazırda şirkət neft və qaz sektoru ilə yanaşı, gələcəkdə Gürcüstan və regionda bərpaolunan enerji sahəsində layihələrin həyata keçirilməsini təşviq edir.
Görüşdə tərəflər Gürcüstanda biznes mühiti, bu ölkədə Azərbaycan şirkətlərinin fəaliyyəti və onlar tərəfindən yatırılan sərmayələr ətrafında müzakirələr aparılıb, bu xüsusda Gürcüstanda Azərbaycan İş Adamları Birliyinin (AZEBİ) fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə birgə tədbirlərin təşkili, habelə, Azərbaycan şirkətləri tərəfindən Gürcüstanda həyata keçirilən sosial layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi