Azərbaycanın kişi voleybol millisi Qızıl Avropa Liqasına hazırlaşır
Bakı, 15 may, AZƏRTAC
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlıqlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, yığma baş məşqçi Fərid Cəlalovun rəhbərliyi altında Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təlim-məşq toplanışı keçir.
Hazırlıq prosesində təcrübəli oyunçularla yanaşı, gənc voleybolçular da iştirak edirlər.
Qeyd edək ki, milli komanda mübarizəyə mayın 17-də start verəcək. Mayın 17-19-da Azərbaycanda baş tutacaq ilk turda rəqiblər Rumıniya və Ukrayna yığmaları olacaq. Mayın 24-dən 26-dək Belçikada keçiriləcək ikinci turda isə milli komandamız meydan sahibi ilə yanaşı, Şimali Makedoniya yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyunda Estoniyada reallaşacaq. Burada rəqiblər ev sahibi komanda və Lüksemburq olacaq.