Azərbaycanın Latviyadakı səfirliyində yanğının baş verməsi barədə xəbər həqiqəti əks etdirmir VİDEO
Riqa, 16 yanvar, AZƏRTAC
Yanvarın 14-də Azərbaycanın Latviyadakı səfirliyində yanğının baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə AZƏRTAC-ın Baltikyanı ölkələr üzrə xüsusi müxbirinə Azərbaycanın Latviyadakı səfirliyindən məlumat veriblər.
Bildirilib ki, yanğın Riqa şəhərinin mərkəzində, Raina Bulvaris 2 ünvanında yerləşən, birinci mərtəbəsi səfirliyə məxsus olan binanın ikinci mərtəbəsindəki mənzildə baş verib.
Qeyd edilib ki, saat 17:30 radələrində başlayan yanğın lokal xarakterli olub və qısa zamanda söndürülüb. Səfirliyə heç bir zərər dəyməyib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa