“Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici”si nəşr edilmişdir
Bakı, 3 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının hazırladığı “Azərbaycanın repressiya olunmuş alimləri: biobiblioqrafik göstərici” adlı kitab çapdan çıxmışdır.
Kitabın elmi redaktoru Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, redaktor-biblioqraf direktor müavini Firəngiz Hüseynova, tərtibçilər N.Kazımova və V.Həsənovadır.
Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan və rus dillərində təqdim olunan 580 səhifədən ibarət bu kitab, 1920-1940-cı illərdə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının (XDİK) Xüsusi Üçlüyünün müxtəlif tarixli qərarlarına əsasən repressiya olunmuş Azərbaycan alimlərinin həyat və yaradıcılıqlarına həsr edilmişdir. Burada, həmçinin filologiya elmləri doktoru Cəlal Qasımovun tədqiq edərək üzə çıxardığı XDİK-nın Xüsusi Üçlüyünün verdiyi qərarlara əsasən qeyd edilən illər ərzində repressiya edilmiş insanların adlarının siyahısı da əks etdirilmişdir.
Təqdim edilən kitab indiki Azərbaycan Milli Elmlər Akademiyası üzrə repressiyaya məruz qalmış alimlərin həyatı, elmi fəaliyyəti və faciəli talelərinə həsr olunmuşdur. Tərtibçi müəlliflər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsində, Azərbaycan Milli Elmlər Akademiyasının arxivində, Mərkəzi Elmi Kitabxananın, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında və onun arxivində, akademiyanın Milli Azərbaycan Tarixi Muzeyində, BDU-nun kitabxanasında, Əlyazmalar institutunun müvafiq fondlarında, AMEA-nın Tarix və Ədəbiyyat İnstitutlarının arxivlərində intensiv axtarışlar apararaq onlarla alimin bioqrafiyasını yazıya almış, mövcud faktları müxtəlif tərzdə sistemləşdirmişdir.
Akademiyada repressiyaya məruz qalmış alimlər daha çox humanitar sahənin görkəmli mütəxəssisləri - Azərbaycanın qədim və zəngin tarixini, dilini, ədəbiyyatını, folklorunu araşdıran Şərq təmayüllü türkoloq və şərqşünaslar, ədəbiyyat və dil tarixçiləri olmuşlar.
Qeyd edək ki, həmin illərdə yalnız azərbaycanlılar deyil, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti və s. ilə bağlı olan digər xalqların nümayəndələri də repressiyaya məruz qalmışlar.