AZƏRBAYCANIN SURİYADAKI SƏFİRLİYİNDƏ 20 YANVAR FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANIM MƏRASİMİ
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycanın Suriyadakı səfirliyində Azərbaycan icması fəallarının iştirakı ilə 20 Yanvar faciəsi qurbanlarının anım mərasimi keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, faciə ilə əlaqədar səfirliyin üzərindəki dövlət bayrağı endirilmişdir.
Səfirlikdə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilmiş qanlı faciəni əks etdirən materiallardan ibarət xüsusi guşə yaradılmışdır.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə 1990-cı ilin yanvarın 20-də sovet rəhbərliyinin Azərbaycanda azadlıq uğrunda mübarizəyə qalxmış dinc insanlara qarşı törətdiyi cinayət barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bu faciənin törədilməsində sovet rəhbərliyini təqsirləndirmişdir. Ulu öndər Azərbaycanda hakimiyyətə qayıdışından sonra Milli Məclisdə bu faciəyə siyasi və hüquqi qiymət verilmişdir.
Mərasimdə 20 Yanvar qırğınının xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi qeyd olunmuş, qanlı faciəni törədən cinayətkarların cəzalandırılmasının vacibliyi vurğulanmışdır.
Bundan başqa, səfirlik tərəfindən faciə barədə ingilis və ərəb dillərində hazırlanmış məlumat Suriya Xarici İşlər Nazirliyinə, kütləvi informasiya vasitələrinə, habelə ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə göndərilmişdir.
Yanvarın 20-də Suriyada və Livanda çap olunan və geniş oxucu auditoriyasına malik nüfuzlu “Əl-Bayraq” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunmuşdur.