AZƏRBAYCANIN TƏCRÜBƏSİ MÜSBƏT QİYMƏTLƏNDİRİLİR
Martın 14-də ədliyyə nazirinin müavini general-mayor A.Qasımov Bakıda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ekspertləri B.Kral, P.Koliander, M.Platek, habelə ATƏT-in Bakı nümayəndəliyinin əməkdaşı B.Soloviç ilə görüşmüşdür.
Nazir müavini ölkəmizin penitensiar sistemində islahatlar barədə müfəssəl məlumat vermiş, bəzi problemlərin həlli üçün beynəlxalq qurumların, ilk növbədə ATƏT-in yardım və dəstəyinə ehtiyac olduğunu bildirmişdir.
Ekspert B.Kral demişdir ki, iki ildir Cənubi Qafqazın ölkələrində “Qafqazda münaqişənin qarşısının alınması və insan haqları üzrə bilik və bacarıqların inkişaf etdirilməsi” mövzusunda proqram həyata keçirilir. Bu proqram məhbuslarla beynəlxalq standartlara uyğun davranış qaydaları və həbsxana islahatı üzrə işin genişləndirilməsini nəzərdə tutur.
Xanım M.Platekin öz fikrincə Azərbaycanın penitensiar sistemindəki islahatların müsbət təcrübəsini digər ölkələrdə yaymaq üçün zəruri tədbirlər görmək və bu işə respublikanın ekspertlərini cəlb etmək lazımdır. Qonaq bildirdi ki, ATƏT-in ekspertləri müxtəlif rejimli cəzaçəkmə müəssisələrinə baş çəkəcəklər.