SİYASƏT
Azərbaycanın Türkiyədəki səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilmişdir
Ankara, 30 dekabr (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunmuşdur. Diaspor təşkilatlarının təmsilçiləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, Ankarada təhsil alan tələbələrimiz, səfirliyin əməkdaşları tədbirdə iştirak etmişlər.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Prezident İlham Əliyevin Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətinin mətnini oxumuşdur. Diplomat azərbaycanlıların birlik və həmrəyliyinin rəmzi olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən bəhs etmişdir.
Diaspor təşkilatlarının təmsilçiləri çıxışlarında vurğulamışlar ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsasını qoyan ümummilli liderimiz Heydər Əliyev həmvətənlərimizin birliyinə, diaspor təşkilatlarının birgə fəaliyyətinə hər zaman böyük diqqətlə yanaşmışdır.
Sonra 2012-ci ildə ölkəmizin təbliği ilə bağlı tədbirlərdə fəal iştirak edən diaspor nümayəndələrimizə səfirliyin fəxri fərmanları təqdim edilmişdir.
Tədbir bayram süfrəsi arxasında davam etmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara