Azərbaycanın U-16 millisinin üzvləri üçün məşğələ təşkil olunub
Bakı, 8 may, AZƏRTAC
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinin ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə Cahangir Səlimxanovun rəhbərliyi altında məşğələ keçirilib.
AZƏRTAC xəbər verir ki, hər bir məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi keyfiyyətlərin aşılanması mövzusunda məşğələ zamanı komandanın futbolçuları “Yarat” Müasir İncəsənət Mərkəzi və Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş Salnamə muzeyi ilə tanış olub, dolğun məlumat əldə ediblər.
Qeyd edək ki, C.Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdür.