AZƏRBAYCANIN VƏ RUSİYANIN BEYNƏLXALQ TERRORİZMLƏ MÜBARİZƏYƏ DAİR QANUNVERİCİLİKLƏRİ UYĞUNLAŞDIRILACAQ
Rusiya nümayəndə heyətinin başçısı Bakıda keçirilmiş iclasın yekunlarından danışaraq dedi ki, Azərbaycan-Rusiya əlaqələrinin bütün spektrinin qanunvericiliklə təmin olunması, regionlararası əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq terrorizmlə mübarizəyə dair qanunların uyğunlaşdırılması məsələləri barədə geniş fikir mübadiləsi aparılmışdır. Konstantin Markelov Rusiyada çoxsaylı insan tələfatına səbəb olmuş terror aktları ilə əlaqədar başsağlığına görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirdi.
O, Azərbaycan-Rusiya sərhədində gediş-gəliş problemləri barədə suala cavab verərək qeyd etdi ki, bu, müvəqqəti xarakter daşıyır və sərhəd keçilərkən ona fiziki nəzarəti gücləndirmək, silah və narkotiklərin qanunsuz daşınması hallarına yol verməmək zəruriyyəti ilə bağlıdır.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə vurğuladı ki, iclasın müsbət nəticələri təkcə parlamentlər arasında əməkdaşlığın inkişafına deyil, dövlətlərarası səviyyədə əlaqələri dərinləşdirməyə daha bir təkan olacaqdır. O, terrorizmlə mübarizə sahəsində birgə tədbirlərin həyata keçirilməsi məsələsinə toxunaraq dedi ki, bu sahədə iki ölkənin xüsusi idarələri yaxşı qarşılıqlı fəaliyyət göstərirlər.
X X X
Parlamentlərarası komissiyanın 4-cü iclası oktyabrın 22-də öz işini davam etdirəcəkdir.